Logo
    main-post-cover

    Yapon alimlər süni qanın yaradılmasına çox yaxınlaşıblar

    Elm & Texnologiya
    03.06.2025
    Emil
         Donor qanına daim artan tələbat şəraitində, xüsusilə də aşağı və orta gəlirli ölkələrdə, süni qan əvəzedicilərinin hazırlanması müasir tibbin ən aktual vəzifələrindən biridir. Nara Tibb Universitetindən (Yaponiya) Hiromi Sakai rəhbərliyindəki tədqiqat qrupu bu sahədə mühüm irəliləyiş əldə edib. Onların hazırladıqları süni qan - istənilən qan qrupu olan pasientlər üçün uyğun olan universal preparat - transfuziologiya sahəsində əsl inqilab vəd edir. Süni qan hemoqlobindən hazırlanır. Bu, donor qanının istifadə müddəti keçmiş nümunələrindən əldə edilən, eritrositlərdə oksigenin daşınmasına cavabdeh olan zülaldır.
         Hemoqlobin xüsusi qoruyucu kapsulaya yerləşdirilir ki, bu da süni eritrositləri stabil saxlayır və viruslardan azad edir. Süni qan hüceyrələrinin qan qrupuna malik olmaması onların uyğunluq testi olmadan köçürülməsinə imkan verir, bu isə qan köçürmə prosedurunu xeyli sadələşdirir və sürətləndirir. Daha bir mühüm üstünlük isə saxlanma müddətidir. Süni qan otaq temperaturunda 2 ilə qədər, soyuducuda isə 5 ilə qədər saxlanıla bilər. Müqayisə üçün qeyd edək ki, donor qanı soyuducuda cəmi 42 gün saxlanıla bilir. İlk klinik sınaqlar hələ 2022-ci ildə başlamışdı. Kiçikmiqyaslı tədqiqatlarda 20-50 yaş arası sağlam kişi könüllülər iştirak edib.
         Onlara intravenoz şəkildə artan dozalarla - 100 millilitrə qədər - süni oksigen daşıyıcıları (hemoqlobin vezikulları) yeridilib. Bəzi iştirakçılarda yüngül yan təsirlər müşahidə olunsa da, arterial təzyiq də daxil olmaqla həyati əhəmiyyətli göstəricilərdə ciddi dəyişiklik qeydə alınmayıb. 2023-cü ilin martında tədqiqat genişləndirilib. Könüllülərə artıq 100-dən 400 millilitrə qədər süni qan hüceyrələri məhlulu vurulmağa başlanıb. Professor Sakai-nin sözlərinə görə, 2023-cü ilin iyulunda komanda tədqiqatların tempini artırıb. Əgər növbəti sınaqlar ciddi yan təsirlərin olmadığını təsdiqləsə, araşdırmalar yeni metodun effektivliyi və təhlükəsizliyinin qiymətləndirilməsinə keçəcək. Süni eritrositlər təxminən 2030-cu ildə praktiki tibbdə tətbiq oluna bilər.
    Paylaş