Logo
    main-post-cover

    Yaşam üçün potensial dünyalar təkcə Günəş sistemindən kənarda yerləşmirlər

    Elm & Texnologiya
    27.05.2025
    Emil
         Günəş sistemindən kənarda yerləşən planetlər ekzoplanet adlanır və astronomlar artıq 6000-ə yaxın belə dünya kəşf ediblər. Bu ekzoplanetlərin bir çoxu öz ulduzlarının həyat üçün əlverişli zonasında yerləşir, yəni potensial olaraq yaşamağa yararlıdırlar. Lakin problem ondadır ki, ekzoplanetlərin əksəriyyəti Günəş sistemindəki Yupiter, Saturn, Uran Neptun kimi qaz və ya buz nəhəngləridir. Buna baxmayaraq, bu planetlərin həyat üçün yararlı ola biləcək ekzoyoldaşları - yəni peykləri ola bilər. Günəş sistemindəki nəhəng planetlərdə həyat mövcud ola bilməz, lakin Yupiter və Saturnun bəzi peykləri potensial yaşana bilən dünyalar hesab olunur. Bu isə o deməkdir ki, ekzoyoldaşlar da həyat üçün yararlı ola bilərlər.
    Yupiterin peyki Avropa:
         Problem ondadır ki, hələlik Günəş sistemindən kənarda yerləşən heç bir planetin peyki aşkar edilməyib, sadəcə onların mövcudluğuna dair müəyyən ehtimallar və işarələr var. Araşdırmanın müəllifləri ekzoyoldaşların necə formalaşa biləcəyini və onların həyat üçün yararlılığını öyrəniblər. Alimlər ekzoplanetin formalaşmasından sonra qalan materialın hansı hissəsinin ekzoyoldaşa çevrilə biləcəyini müəyyənləşdirmək üçün modelləşdirmə aparıblar. Planetlərdə həyat üçün yararlı zona ulduzdan gələn radiasiyadan asılıdır. Kifayət qədər enerji olduqda və uyğun atmosfer şəraiti ilə birlikdə digər amillər də nəzərə alındıqda, planetin səthində maye su mövcud ola bilər. Lakin Günəş sistemində bəzi peyklərin səthinin altında maye suyun olduğu güman edilir. Aparılmış modelləşdirmə ekzoyoldaşların formalaşmasının 4 fərqli prosesini göstərib və yalnız bir halda onlar planet və ulduzla qarşılıqlı təsirdən sonra sağ qala bilirlər.
    Saturnun peyki Enselad:
         Modelləşdirmə göstərib ki, ekzoyoldaşlar yalnız nəhəng planetlərin ətrafında formalaşıb orada qala bilərlər. Bununla yanaşı, həmin planet ulduzundan nə çox uzaqda, nə də çox yaxın olmamalıdır - təxminən 300 milyon kilometr məsafədə, yəni Yer ilə Günəş arasındakı məsafənin 2 qatı qədər. Modelləşdirmə həmçinin göstərib ki, 2 astronomik vahid məsafəsindən kənarda həyat üçün yararlı ekzoyoldaşların sayı kəskin şəkildə azalır, çünki həyat üçün əlverişli zona daralır. Alimlər onu da müəyyən ediblər ki, ulduzdan məsafə artdıqca ekzoyoldaşların sayı artır, lakin onların kütləsi çox az olduğu səbəbilə həyat üçün yararlı olmurlar. Modelləşdirməyə əsasən, kütləsi Mars ilə Yer arasında olan ekzoyoldaşlar yalnız Yupiterdən təxminən 10 dəfə böyük kütləyə malik planetlərin ətrafında formalaşa bilər və bu cür dünyaların bir çoxu potensial olaraq yaşamaq üçün əlverişli ola bilər.
    Paylaş