Logo
    main-post-cover

    Yaxın ulduz sistemindəki ekzoplanetlərdən biri həyat üçün münbit şəraitə sahib ola bilər

         İlin sonuna qədər planlaşdırılan, Yerdən 40 işıq ili uzaqlıqda yerləşən TRAPPIST-1 e ekzoplaneti üzərində aparılacaq müşahidələr sensasiya vəd edir - şərti olaraq Yer tipli atmosferə malik ilk ekzoplanetin kəşfi. Əgər bu, baş verərsə, kainatda yaşamağa yararlı dünyaların çoxluğu barədə mübahisədə dönüş nöqtəsi olacaq - bu, Yer üzərində tanıdığımız bioloji həyatın hər yerdə mümkünlüyünü sübut edəcək. Bu irəliləyiş James Webb kosmik teleskopu sayəsində mümkün olub. Onun spektral həssaslığı uzaq planetlərin atmosfer qazlarının molekullarının siqnallarını tutmağa imkan verir. 2016-cı ildə TRAPPIST (Transiting Planets and Planetesimals Small Telescope) teleskopu ilə kəşf edilmiş TRAPPIST-1 sistemi araşdırma üçün əlverişli hədəf olub: burada qaya tipli 7 ekzoplanet qeydə alınıb və onların bir qismi yerli ulduz - qırmızı cırtdanın yaşayış zonasında yerləşir.
         2023-cü ildə TRAPPIST-1 sistemi üzrə aparılan müşahidələr ulduza ən yaxın planet - TRAPPIST-1 b-də atmosferin mövcudluğunu istisna etməyə imkan verdi, lakin yaşayış zonasındakı digər 3 planet - c, de - hələ də atmosferə sahib ola bilər. Bu planetlərdən TRAPPIST-1 e isə Yer tipli atmosferə malik dünya rolu üçün ən perspektivli namizəd hesab olunur. Atmosferin mövcudluğu, planetin səthində suyun qorunub saxlanmasını təmin edir. Əks halda, su kosmosa buxarlanardı, məsələn, Marsda baş verdiyi kimi. Bir araşdırma, yeri gəlmişkən, TRAPPIST-1 e-də Mars tipli və ya Venera tipli atmosferin ehtimalını istisna edib ki, bu da ümidvericidir. TRAPPIST-1 e-ni müşahidə etməyi asanlaşdıran amillərdən biri də onun öz ulduzu ətrafında tam dövrü cəmi 6 günə başa vurmasıdır.
         O, tranzit üsulu ilə kəşf edilib və ulduzunun diski qarşısından keçidi TRAPPIST-1 e atmosferindəki qazların kimyəvi tərkibini demək olar ki, aydın şəkildə göstərir. Alimlərin növbəti keçidi gözləmək üçün aylar və ya illərlə vaxt sərf etmələrinə ehtiyac yoxdur - planlaşdırılmış 15 müşahidə cəmi bir neçə aya tamamlanacaq. Artıq əlamətlər var ki, TRAPPIST-1 e və yaşayış zonasındakı digər planetlər ilkin hidrogen atmosferlərini itiriblər. Yer də vaxtilə onu itirmişdi, lakin sonrakı proseslər nəticəsində üzərində azotla zəngin, bioloji həyatın inkişafına uyğun olan ikincidərəcəli atmosfer formalaşdı.
         Buna görə də TRAPPIST-1 e-yə həsr olunmuş yeni bir araşdırma ortaya çıxıb və orada ekzoplanetdə ikincidərəcəli Yer tipli atmosferin yaranma mexanizmləri nəzərdən keçirilir. Kainatda ulduzların böyük əksəriyyəti qırmızı cırtdanlardır, onların ardınca isə tipik nümayəndəsi Günəş olan sarı cırtdanlar gəlir. Əgər alimlər TRAPPIST-1 e ətrafında Yer tipli atmosferi qəti şəkildə aşkar etsələr, bu o demək olacaq ki, eyni şey kainatın istənilən guşəsində baş verə bilər. Bu isə həyat üçün şəraitin demək olar ki, hər yerdə mövcud olduğunu göstərir. Gələcəkdə tədqiqat sarı cırtdanların ətrafındakı ekzoplanetlərdə Yer tipli atmosferlərin axtarışına qədər genişləndiriləcək.
    Paylaş