main-post-cover

    Yeni araşdırmalara əsasən, Venera planeti haqqında bildiklərimiz yanlış ola bilər!

    Elm & Texnologiya
    04.12.2024
    Farid Pardashunas

         Yeni bir araşdırma ilə Veneranın sirrləri ortaya çıxarılarkən planetin heç vaxt yaşayış üçün əlverişli bir yer olmadığı müəyyən edilib. Alimlər planetdə maye suyun olmadığını bildirirlər.

         Veneranın bir zamanlar Yer kürəsinə bənzər bir planet ola biləcəyi barədə ümumi fikir yeni bir araşdırma ilə təkzib edilib. Kembric Universitetindən bir qrup astronom planetin atmosferinin kimyəvi quruluşunu araşdıraraq, Veneranın heç vaxt səthində maye su saxlamadığını və buna görə də yaşayış üçün uyğun olmadığını ortaya qoyub. Nature Astronomy jurnalında yayımlanan nəticələr, Yer kürəsinin unikal xüsusiyyətlərini başa düşmək üçün böyük əhəmiyyət kəsb edir. Çünki bir çox ekzoplanet Venera ilə oxşar xüsusiyyətlərə malik olsa da, bu araşdırma alimlərin diqqətlərini daha çox Yer kürəsinə bənzəyən ekzoplanetlərə yönəltməli olduğunu göstərir.
         Üzdən baxıldığında Venera, Yer kürəsinin "qardaşı" kimi görünür. Demək olar ki, eyni ölçüdə və qayalıq struktura malikdir. Ancaq daha yaxından araşdırıldığında, 500°C-dən yüksək səth temperaturu və kükürd turşusundan ibarət buludlarla örtülmüş atmosferi ilə Venera "pis əkiz" adını qazanır. Bu ekstremal şərtlərə baxmayaraq, astronomlar onilliklərdir ki, Veneranın bir vaxtlar həyat üçün əlverişli olan maye okeanlara sahib olub-olmadığını və ya hazırda onun qalın buludlarında sirli bir “hava” həyatının mövcud olub-olmadığını araşdırırlar.
         Araşdırmanın əsas müəllifi və Kembric Universiteti Astronomiya İnstitutunun doktorantı Tereza Constantinou deyir: “Bu onilliyin sonunda Veneraya zondlar göndərmədən onun həyat üçün əlverişli olub-olmadığını dəqiq deyə bilməyəcəyik. Lakin, ehtimal ki, heç vaxt okeanlara sahib olmadığı nəzərə alsaq, Veneranın maye su tələb edən Yerə bənzər həyat üçün əlverişli olduğunu təsəvvür etmək çətindir”. Veneranın necə bu qədər yaşayışa əlverişsiz bir planetə çevrildiyinə dair 2 əsas nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, planet əvvəlcə mülayim iqlimə və maye suya sahib olub, lakin vulkanik fəaliyyətlərin səbəb olduğu istixana effekti buxarlanmanı artıraraq səthi yandırıb. İkinci nəzəriyyə isə Veneranın əvvəldən isti bir planet olduğunu və səthində heç vaxt maye suyun sıxlaşmadığını irəli sürür.
         Constantinou və komandası mövcud atmosfer kimyasını analiz edərək bu 2 nəzəriyyəni yoxlamaq qərarına gəlib. Aparılan hesablamalar onu göstərib ki, Venera atmosferini sabit saxlamaq üçün lazım olan qazlar vulkanik fəaliyyətlərdən təmin edilməlidir. Lakin Veneranın daxili hissələrindən gələn bu qazlar Yerdəki kimi su ilə zəngin deyil. Vulkanizm atmosferə qazlar buraxaraq, qayalıq planetlərin daxili strukturlarını araşdırmaq üçün bir pəncərə açır. Adətən, vulkanizm maqma mantiyadan səthə doğru yüksələrkən planetin dərin hissələrindəki qazları sərbəst buraxır. Məsələn, Yerdəki vulkanik püskürmələr, su ilə zəngin daxili quruluş səbəbindən əsasən buxar formasındadır. Lakin tədqiqatçılar Veneranın atmosferini dəstəkləmək üçün zəruri olan vulkanik qazların tərkibinə əsaslanaraq, bu qazların cəmi 6%-nin su tərkibli olduğunu müəyyən ediblər.
         Alimlərə görə, bu, Veneranın Yerdəki kimi su ilə zəngin bir daxili quruluşa sahib olmadığını və səthində heç vaxt okeanların yaranmadığını göstərir. NASA-nın bu onilliyin sonunda həyata keçirəcəyi DAVINCI missiyası, bir neçə uçuş və səthə göndərilən bir zond vasitəsilə Veneranın həmişə quru və yaşayış üçün əlverişsiz bir planet olub-olmadığını təsdiqləyəcək. Constantinou belə deyir: “Əgər Venera keçmişdə yaşayış üçün əlverişli bir planet olubsa, bu, daha əvvəl aşkar etdiyimiz digər planetlərin də yaşayış üçün uyğun ola biləcəyini göstərir. Lakin Venera heç vaxt yaşayış üçün əlverişli olmayıbsa, deməli, digər Venera bənzəri planetlərin də həyat üçün əlverişli olma ehtimalı azalır”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    1 ili 8 saata bərabər olan maraqlı bir planet: Dəmiri buxarlaşdıracaq qədər isti səthə sahibdir!
    1-ili-8-saata-beraber-olan-maraqli-bir-planet-demiri-buxarlasdiracaq-qeder-isti-sethe-sahibdir
    NASA, Uran peyklərinin incələnməsi missiyasını hazırlayır
    nasa-uran-peyklerinin-incelenmesi-missiyasini-hazirlayir
    NASA buzlaqlar arasında gizli bir döyüş bazası aşkar edib!
    nasa-buzlaqlar-arasinda-gizli-bir-doyus-bazasi-askar-edib
    James Webb Teleskopu Sombrero qalaktikasının inanılmaz görüntüsünü əldə edib!
    james-webb-teleskopu-sombrero-qalaktikasinin-inanilmaz-goruntusunu-elde-edib
    4.45 milyard illik bir asteroid Marsın keçmişdə yaşamaq üçün əlverişli olduğunu göstərir!
    445-milyard-illik-bir-asteroid-marsin-kecmisde-yasamaq-ucun-elverisli-oldugunu-gosterir