
Yerdə ən çox rast gəlinən minerallardan biri Marsda aşkar edilib
Elm & Texnologiya
13.03.2025
Emil
Alimlər NASA-nın Perseverance aparatı tərəfindən toplanmış məlumatları təhlil edərək Marsda ilk dəfə olaraq saf kvars kristallarının aşkar edildiyini müəyyən ediblər. Bu kristallar qədim Mars həyatının yaxşı qorunmuş izlərini özündə birləşdirə bilər. Əvvəllər alimlər Perseverance vasitəsilə Marsda tərkibində alüminium olan gözlənilməz minerallar tapdıqlarını bildirmişdilər. Bu minerallar yalnız nəm mühitdə əmələ gələ bilərdi. Yeni araşdırma isə Marsda Yer kürəsində geniş yayılmış bir mineral - kvarsın (silisium dioksid kristalları) mövcud olduğunu göstərir. Bu mineral Yer qabığında ən çox rast gəlinən minerallardan biridir, lakin Marsda ilk dəfə aşkar edilib.
Kvars:

Perseverance aparatı 2021-ci ildən bəri böyük bir asteroidin toqquşması nəticəsində yaranmış Jezero kraterinin dibini tədqiq edir. Alimlər əvvəllər kraterin dibində maye su gölünün olduğuna dair izlər aşkar ediblər, bu isə orada bir zamanlar Yerə bənzər həyatın mövcud ola biləcəyi ehtimalını artırır. Keçən il NASA-nın aparatı Jezero kraterinin kənarına qalxdı. Bu ərazidəki daş süxurlar kraterin dibindəki süxurlardan fərqlənirlər. Yeni tədqiqatın müəllifləri Perseverance-ın topladığı məlumatları analiz edərək orada böyük kvars kristalları, eləcə də opal və xalsedon kimi silisium tərkibli minerallar aşkar edildiyini müəyyən ediblər.
Bu minerallar yalnız isti suyun mövcud olduğu şəraitdə əmələ gələ bilər. Hazırda Marsın səthində maye su yoxdur, lakin elm adamları milyardlarla il əvvəl Qırmızı Planetdə suyun mövcud olduğunu düşünürlər. Alimlər kvars kristallarının əks etdirdiyi işığın spektrini analiz ediblər və bu kristalların son dərəcə saf olduğunu müəyyən ediblər. Bu o deməkdir ki, onlarda digər minerallarla müqayisədə çox az miqdarda yad birləşmələr var. Alimlərin sözlərinə görə, Yer kürəsində bu cür böyük və saf kvars kristallarının yeganə məlum əmələgəlmə yolu isti su axınlarının mövcudluğudur. Bu isə Marsda da eyni prosesin baş verdiyini göstərir.

Bu kristallar, ehtimal ki, Jezero krateri asteroidin toqquşması nəticəsində yarandıqdan sonra əmələ gəlib. Həmin dövrdə isti su çatlamış süxurların arasından keçərək asteroid toqquşması zamanı səthə çıxmış materialla reaksiyaya girib və bu minerallar formalaşıb. Tədqiqatın müəllifləri bildiriblər ki, kvars qədim həyat izlərini qorumaq üçün ideal mineraldır. Məsələn, Yer kürəsində tapılmış 3.5 milyard illik kvars kristallarında həyatın mövcudluğunu sübut edən morfoloji və molekulyar bioloji izlər aşkar edilib. Alimlər hesab edirlər ki, Marsdan götürülən kvars kristallarının nümunələri Yerə gətirilməli və ətraflı şəkildə tədqiq edilməlidir. Çünki bu nümunələr keçmişdə Marsda həyatın olub-olmadığını müəyyən etməyə kömək edə bilər.
Mənbə: New Scientist
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
