main-post-cover

    Azərbaycan Mediasını barmağına dolayan "NASA yolçumuz"un fırıldağı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Yəqin ki, son vaxtlarda internetdə və hətta televiziyada da gündəmdə olan bir mövzu olan NASA-da təcrübə keçməyə haqq qazanan Azərbaycanlı gənc haqqında xəbərdarsınız. Olmayanlar üçün qeyd edək ki, Kənan Əhmədli adında 20 yaşlı gənc, "Mələk Beyni” adında elmi bir əsər yazaraq NASA-da təcrübə qazandığını iddia edərək, bütün Azərbaycan mediasının gündəminə oturmuşdu.
    Redaksiyamıza bu barədə çox saylı müraciətlər daxil olmuşdu və bunun həqiqət olub-olmadığını, Kənanın NASA-ya necə dəvət olunduğunu bilmək istəyən bir çox mesaj almışdıq. Bu mövzunu araşdırmağa artıq bir müddətdir başlamışıq. Araşdırmamız barədə qısa bir haşiyə daxilində bəzi detalları sizlər ilə bölüşmək üçün bu məqaləni hazırladıq.
    İlk olaraq, sosial media şəbəkələrindən bir çoxlarınızın yaxşı tanıyacağı "Turxan Qarışqa”nın bu mövzuya bildirdiyi fikir ilə sizləri tanış etmək istəyirik.
    Əgər nəzərə alsaq ki, Azərbaycan media qurumlarının bir çoxu savadlı kadr əvəzinə "Aman Allah, Şok olacağsınız!” başlıqlarını daha qabarıq şəkildə yaza biləcək "jurnalist”ləri işə götürür, medianın bu məsələnin viral olmasında rolunu dana bilmərik. Bəs həqiqətən də vəziyyət belədirmi? NASA-ya təcrübə proqramına Azərbaycandan daxil olmaq mümkündürmü? Əgər bu gənc bütün Azərbaycanı aldadıbsa bunun nəticələrini fikirləşməyibmi?
    Bu sualların cavablarını gəlin birlikdə aydınlaşdıraq. Bir qədər əvvəl də qeyd etdiyimiz kimi Turxan Qarışqanın da postunda yazdığı, NASA-ya təcrübə proqramına qəbul üçün şərtlərə baxaq. Bu proqrama Intern (Təcrübəçi) kimi qəbul olmaq üçün digər şərtləri qırağa qoysaq, mütləq : Avstraliya, Braziliya, İordaniya, Fransa, Litva, ABŞ, Meksika, Portuqaliya, Cənubi Afrika, Cənubi Koreya, İsveç, Trinidad-Tobaqo kimi bölgələrdə yaşayan insanlar müraciət etməlidir. Və nəzərə alsaq ki, Kənan Əhmədli adlı şəxsin NASA-nın bu şərtini ödəmir, bu artıq çox böyük bir sual işarəti yaradır.
     
     
    Digər bir detal isə bu proqrama müraciət etmək və dəvət almaq üçün mütləq Universiteti minimum bakalavr səviyyəsində və "texniki ixtisas" bitirmək lazımdır. Kənan isə hələ də Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər ixtisasında təhsil alan tələbədir.

    Görülən odur ki, iki əsas şərti ödəməyən Kənan-ın NASA-ya təcrübə proqramına (bunu biz iddia etmirik, əvvəldən Kənan Əhmədli-nin mediada və şəxsi hesablarında verdiyi açıqlamarda belədir) qəbul olmaq şansı yoxdur.
    İkinci bir məsələ isə belə böyük müzakirəyə səbəb olan gəncin heç bir paylaşımında "Sənəd” xarakterli bir məlumat yoxdur və həqiqətən də belə uğura imza atmış bir gəncin olduğuna inanmaq üçün bəzi yazışmalar və s. kifayət edə bilərdi. Lakin bu və ya digər hallar istisna olmaqla, Kənan Əhmədlinin "uğur”una sevinən minlərlə hətta yüz minlərlə Azərbaycanlı var və əgər bu "uğur” həqiqətəndə dırnaq arasında qalacaqsa o insanların istismar edilmiş hisslərini kimin kompensasiya edəcəyi maraqlıdır.
    Redaksiyamıza daxil olan mesajlardan birində Azərbaycanın öndə gedən proqramçılarından (Ekspert olaraq adlandıra biləcəyimiz biridir) biri qeyd edir ki, Kənan haqqında hazırlanan bu xəbərə və videoya qısaca baxış yetirdikdə, görərik ki, bu gəncin danışdığı sahələr (İKT, Riyaziyyat və s.) üzrə demək olar ki heç məlumatı yoxdur. Videoya diqqətlə baxsaq orda NASA-da robot hazırlama barədə olan video belə "Visitnasa.com" yəni NASA-ya turist olaraq səyahət etmək üçün hazırlanmış bir xidmətə aiddir. Hackertyper-dən istifadə edərək insanlarda kod yazırmış kimi bir təəssürat yaradan gəncin nə qədər IT biliyi olduğu çox maraqlıdır. Kənanın paylaşımlarında qeyd etdiyi, Meta-proqramlaşdırma, kibertəhlükəsizlik isə uşaq ədəbiyyatıdır. NASA-nın rəsmi saytına (intern.nasa.gov) baxdıqda görə bilərik ki, NASA-da heç bir 1 aylıq təcrübə (Kənan bunu qazandığını iddia edir) proqramından söz gedə bilməz və mövcud olan təcrübə proqramı isə 3 aylıqdır və minimum 1 il əvvəlcədən müraciət etmək lazımdır. 
    Əlavə olaraq redaksiyamıza göndərdiyi mesajda ekspert qeyd edir ki, Kənanın və Müəllimi olaraq hər yerdə qeyd etdiyi Elvin adında şəxsin təşəbbüsü ilə yaradılan Septini Akademiyasının Facebook səhifəsinə baxdıqda yeniyetmələrdən ibarət bir qrup gəncin hətta cinayət xarakterli paylaşımlarını (polislərin hesablarını qırmaq, şantaj etmək, başqalarının profilini ələ keçirməyi öyrətmək və s.) görmək mümkündür. Bu cinayətkarlıqdır və bunun bir cəzası olmalıdır. 

    Əlavə olaraq gənclər bir paylaşımlarda Facebook səhifələrini ödənişsiz (bu pulun kiminsə oğurluq üsulu ilə çıxacağını haradasa etiraf ediblər) reklam edə biləcəklərini bildiriblər.
     

    Digər bir tərəfdən araşdırma edərkən, Septini Akademiyasında öyrədildiyini və hətta bunlardan istifadə edərək bu gənclərin gündəlik "Minlərlə manat pul" qazandıqlarını iddia etdikləri bir neçə termin ilə rastlaşdıq ki heç bir lüğətdə bunların mənasını tapa bilmədik və fərqli sahələrə aid olan bu bir neçə terminin mütəxəssislərindən soruşduqda bu terminlər onları belə çaşbaş salıb ki, bunlardan biri "Şəhərətrafı Foreks"dir. Təki Azərbaycan gəncləri belə elmi kəşflərə imza atsınlar, nə deyək. 

    Bəs biz "Technote.az” olaraq bu hadisəni nə ilə əlaqələndiririk?

     
    Kənardan baxanda internetdə böyük çaxnaşma yaradan bu hadisənin altından viral qoxusu gəlir. Əgər düşündüyümüz kimidirsə Medianın savadsızlığından və İnsanların inamından istifadə edən bir qrup gənc öz "Septini Akademiya”, "Ziyan Market", "Kiber Market”lərini (Biraz dərinə gedilərsə nə üçün ziyana işlədiklərini anlamaq çox da çətin olmaz-DarkWeb-) və Kənan Əhmədli tərəfindən yazılan "30 Kitab və ya sonradan özünün də qeyd etdiyi kimi kitab yox, "30 Əsər”indən olan Septini-nin daha çox müştəri əldə etmək üçün hazırlanmış bir viraldan söhbət gedir.
     
    Yuxarıdakı şəkildə bu dediyimizin əyani sübutu var ki, Kənan yaranan bu məşhurluqdan istifadə edərək kursuna insanları cəlb etməyə çalışır. Çox təəssüf ki, bu reallıqdır. 
    Lakin qeyd edək ki, əgər bu belədirsə bu viral yox Fırıldaqçılıqdır və bu gənclər, bu işə qarışmış digər şəxslər ilə birlikdə Qanun qarşısında cavab verməlidirlər. Qazandıqları və ya qazandıqlarını iddia etdikləri pulun dövlət büdcəsinə vergisi ödənilibsə bu barədə də sənədlərin meydana çıxması pis olmazdı amma yuxarıda qeyd etdiyimiz bu qədər məqamdan sonra bu da çox inandırıcı gəlmir. Hər halda bundan sonra Qanun danışmalıdır.



    İnternetdə çox böyük viral təsiri yaradan NASA-ya gedən gənc, özü haqqındakı təkzib xarakterli paylaşımlara gülərək yanaşdığını və savadlı bir insan olaraq hətta NASA-nın belə "Mələk Beyni" adındakı əsəri ilə maraqlanmasına şərait yaratdığını qeyd edir. Bu məsələni araşdırmağa dəyər bir məsələ olaraq görürük və artıq bir neçə gündür bunun üzərində çalışırıq. Bu məqalədə sadəcə bəzi məqamlara toxuna bildik.
    Əlbəttə biz də Technote.az olaraq istəyərdik ki, belə savadlı bir gənc Azərbaycandan çıxsın və dünyanın aparıcı qurumları onun dalınca qaçsınlar amma görünən odur ki bunu hələ də ümid edərək qalacağıq.
    Hər halda gənclər, nə qədər savadlı, təcrübəli və ya güclü olursunuzsa olun, heç vaxt xalqı, milləti və sizə inanan insanları aldatmağa cəhd etməyin. Bu sözümüz Kənana və onun dostlarına aid deyil. Ümid edirik ki, bir Azərbaycan gənci olaraq o həqiqətən də bizim yazdıqlarımızı "SƏNƏDLƏR” ilə təkzib edə biləcək.
    Linki kopyala