main-post-cover

    Nigeriyalı fırıldaqçılar Azərbaycan internet bazarında! 10-larla insan aldadıldı. (hər kəs oxusun)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bugün Technote Media işçilərindən birinin başına gələn çox maraqlı və fırıldaq bir hadisə haqqında sizə məlumat veririk.

    Nigeriyalılar hamımıza məlum olduğu kimi, internet bazarında öz fırıldaqları ilə səs salmış bir vəziyyətdədirlər. Ənənəvi olaraq hamıya göndərilən bir sıra standart mail və spamlar mövcuddur. "Varisindən sənə 1 milyon dollar qalıb əldə etmək üçün bizimlə əlaqə saxla”, "Sənin layihəni bəyəndik və 10 milyon dollar investisiya edirik, bank əməliyyatları üçün ilkin ödəniş etməlisiniz”- Bu "Advance Fee Fraud" daha doğrusu 419 ön ödəniş fırıldaqçılğı adlanır. Bu metod 1980-ci illərdə Nigeriyanın iqtisadi çöküş yaşadığı bir dövrdə yaranıb və 419 adlandırılmasının səbəbi ilk defə Nigeriya cəza qanunun 419-cu maddəsində bu bəndin əks olunmasıdır. Hazırda isə Asiya regionunda geniş yayılıb. Bu tipli mesajlar demək olar çoxumuza gəlib və hamımız bunun yalan olduğunu bilirik. Bu dəfə isə vəziyyət daha ciddi və fərqlidir. Nigeriyalı işbazlar Azərbaycanın elan saytlarında yeni bir fırıldaq metodunu işə salıblar. Tap.az, lalafo.az kimi elan saytlarında satılan məhsullara müştəri çıxan nigeriyalı işbazlar Azərbaycandan 10-larla vətəndaşın avadanlıqlarını mənimsəyiblər. Bəs bu hal necə baş verir? Elə isə keçək əsas məsələyə, başımıza gələn hadisəyə.
    3 gün əvvəl tap.az lalafo.az elan saytlarında Nikon D3200 markalı fotoaparatı satışa qoyduq. Elan yerləşdiriləndən 1 gün sonra əlaqə nömrəsi ilə WhatsApp-a aşağıdakı məktub gəldi.

    Əslən amerikalı və Nigeriyada yaşayan bir xanım bizim məhsul ilə maraqlanırdı. Əvvəl qiymətini dollar ilə öyrəndikdən sonra fotoaparatın bir neçə şəkilini də göndərməyimizi istədi. 200$ qiymət dediyimiz bu fotoaparatı nigeriyalı xanım bəyənmişdi və almaq istəyirdi. Qarşılığında isə biz həmin xanıma (bəlkə də kişidir) daşınma ödənişlərini də edəcəyini bildirdik.
    Bunun qarşılığında bizə 250$ ödəyəcəyini bildirən bu saxtakar Azərbaycanda Ramazan bayramının olduğunu və əməliyyatları iş günü icra edəcəyini bizə bildirdi. Nigeriyada işlənmiş fototexnika mağazalarının olduğunu vurğulayan Lisa bizdən Azərbaycandan daha çox avadanlıq göndərməyimizi və bunu daimi əməkdaşlıq səviyyəsində icra etməyimizi istəyirdi. Əvvəl PayPal üzərindən ödəniş etmək istədiyini deyən xanıma vəziyyəti başa saldıq ki, bəs Azərbaycanda PayPal ödənişi qəbul etmək mümkün deyil. Elə isə ya bank ya da sürətli köçürülmə yolu ilə bu alış-veriş baş tutmalı və məhsul AzerExpress POÇT (EMS) vasitəsilə Nigeriya-ya göndərilməli idi. Gün gəlib əməliyyat hissəsinə çatdı və bizim şirkətin bank rekvizitlərini qarşı tərəflə bölüşdüm. Bir neçə dəqiqə sonra UnitedStateBankTransfers-dən ödəniş edilməsi ilə bağlı rəsmi bildiriş email ünvanıma gəldi. Mail aşağıdakı kimidir.

     
    Bir neçə dəqiqə sonra isə FBI təsdiq mərkəzindən növbəti maili aldım. Bu dəfə işlər biraz qarışıq idi. Maildə pulun tam hesaba oturması üçün mənim məhsulu poçta verərək Track ID-ni onlara göndərməyin istənilirdi.

     
    Yalnız bu halda mən sifarişi rəsmiləşdirə bilərdim. Email-lər olduqca rəsmi görünürdü və hansısa əməliyyat getdiyi açıq-aşkar ortada idi. Mail gələn adresslər isə belə idi:
    UnitedStateBankTransfers@usa.com
    FBI_verificationcenter@usa.com

    Lakin mən yenidən həmin xanım ilə əlaqə saxlayıb sürətli pul köçürmə ilə ödənişi almaq istədiyimi dedim və qeyd etdim ki, bizim hesab şirkət hesabıdır əlavə vergiyə cəlb olunmağımı istəmirəm. Bunu eşidən xanım artıq əməliyyat başlanıb və ləğv etmək uzun sürəcək dedi. İlk şübhəm buradan yarandı. Məhsulu tam hazırlayıb poçta aparmaq istəyirdim ki, bankda işləyən bir dostumla əlaqə saxlamağı özümə məsləhət bildim. Baş verən proseduru dostuma danışdım. O isə belə bir ödəniş metodunun yalnız əvvəlcədən razılaşdırılmış və iri məbləğlərin göndərişləri halında baş verdiyi mənə izah etdi. Çünki, adamın əməliyyatı ləğvetmə ehtimalı vardı. Yenidən mailə qayıdıb dəfələrlə bir səhv tapmaq üçün çalışdım. Hər şey qaydasında olduğu bir anda gözümə çox qəribə bir detal dəydi. Belə ki, ödənişi edən şəxs KATHERINE ALINA idi.

    Məhsulu qəbul edən şəxs isə Sugun Akindele. Artıq işin detalları önə çıxmağa başlamışdı. Mailin sonunda isə 5000$bir cərimə bildirişi də var idi.
    Daha sonra qarşı tərəfə yazdım. Mən məsələni aydınlaşdırmaq üçün Banka gedirəm, mənə cavab olaraq sən təcili poçta gedib kodu mənə göndərməlisən dedi. Ənənəvi olaraq Google-a daxil olub bu haqda axtarış edəndə qarşıma bir aldadılma ilə bağlı məqalə çıxdı və həmin məqalədə zərərçəkinin məhsulu göndərdiyi ünvan, mənim göndərəcəyim ünvan ilə eyni idi.

     
    Artıq bütün detallar məlum idi və adam məndən kodu alacaq qarşılığında isə əməliyyatı dayandıracaqdı. Dərhal EMS ilə əlaqə saxladım və Nigeriya-ya olan göndərişləri soruşdum. Operator mənə son vaxtlar Azərbaycandan Nigeriya-ya paketlərin sayının artdığını və naməlum səbəblərdən sonradan paketlərin geri istənildiyini söylədi. Operator xanım "Əgər siz də göndərib geri istəyəcəksinizsə göndərməyin çünki bu dəqiqə xeyli sayda insanın məhsulu var ki, geri ala bilmirik və problemlər yaşanır”. Məsələ təmamilə aydın oldu. Nigeriyalı saxtakarlar Azərbaycanın elan saytlarından müştəri tutmaqla avadanlıqları beləcə mənimsəyir. Amma hələ iş bitməmişdi , mənim nigeriyalıya kiçik sürprizlərim var idi. Dərhal saxta bir sənəd düzəldərək trak number göndərdim və ödənişi təsdiqləməsini istədim. O isə qarşılığında o ID ilə məhsul olmadığını dedi. İkimizində müsəlman olduğunu və ona güvənməyimi istədi. Daha sonra həmin banka bu haqda məktub yazıb, dostumuza ekran çəkimini göndərdim və fırıldağının ortaya çıxdığını anladı. Sonda isə sən nigeriyalısansa mən də ağdamlıyam dedim. Deyəsən doğru adamı tapmamışdı və həqiqətən Afrika-da vəziyyət zordu.

    Bəs əslində bu işlər necə baş verir? Həqiqətən gələn məktub rəsmi idimi?

    Araşdırmalarımız göstərir ki, bir il əvvələ qədər bu üsulla Türkiyə-dən xeyli miqdarda cihaz əldə ediblər. Nigeriya qanunlarında olan boşluqlar adamların hələ də azad olmasına səbəbiyyət verir. "Advance Fee Fraud" adlandırılan məşhur bir aldatma metodundan sonra bu metod indi önə çıxıb və Azərbaycan-da kifayət qədər insan bu metodla aldadılıb. Belə hallara qarşı mübarizə aparmaq üçün həm tap.az həm lalafo.az daxil olmaqla tədbirlər almalıyıq. Bu yazını paylaşıb daha çox insanın xəbərdar olmasında bizə kömək etsəniz faydalı bir iş görmüş olarsınız. EMS rəhbərliyinə isə bu haqda tezliklə müraciət ünvanlayacağıq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər