main-post-cover

    ROM nədir, Custom ROM nədir? Niyə Custom ROM yüklənir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Android telefonu olan hər kəs yəqinki stok ROM, custom ROM, Firmware kimi ifadələrlə tez tez qarşılaşır. Amma bunun nə olduğunu, onlar arasında fərqlərin hansılar olduğunu bilənlər az olur. Texnologiya inkişaf etdikcə, kodlaşdırma da inkişaf edir. Bildiyimiz kimi Google şirkəti Android əməliyyat sisteminin kodlarını açıq edir. Bununla da bir sıra şəxslər onlardan istifadə etməklə sistemi daha da optimallaşdırır. Bu kodlardan istifadə etməklə developerlər bir sıra yeni ROM'lar yaradır. Bu ROM'lar nədir, nə işə yarayır, niyə istifadə etməliyik deyirsinizsə, onda məqaləmizi diqqətlə oxuyun.

    Əvvəlcə sizə ROM və Custom ROM'un nə olduğu barədə məlumat verək.
    ROM NƏDİR?
    Telefon, planşet kimi cihazların proqlaşmasının paketlənərək tək bir faylda sıxılmasına ROM deyilir. Android cihazı aldıqda onun üzərində əməliyyat sistemi olur. Bu əməliyyat sistemi Linux əsasında hazırlanır. Amma firmalar bu kodlardan istifadə edərək özlərinin interfeys və əlavələrini port edirlər. Bununla da həmin sistemi özəlləşdirirlər. Yeniləmə olduqda isə cihaza yükləmək üçün saytlarında yerləşdirilir. Cihazını əllə yeniləmək istəyənlər bu faylı endirəndə görəcəklər ki, sistem sadəcə bi fayla sıxışdırılmış bir image fayldır. Buna çox hallarda Stock ROM, Firmware də deyirlər.
     
    CUSTOM ROM NƏDİR?
    Qeyd etdiyimiz kimi, Google şirkəti kodlarını hər kəsə açıq edir. Bundan istifadə edən bəzi developerlər isə rəsmi versiyalardan əlavə özlərinin hazırladığı sistemləri təqdim edirlər. Developerlərin hazırladıqları ROM'ların üstünlüyü ondan ibarətdir ki, burada "Kaş bu özəllik sistemdə olsaydı" dediyin hər şey mövcud olur. Xəyal gücünüz nə qədər genişdirsə, özəl ROM'lar da bir o qədər funksional və istəyinizə uyğun olur.
     
    CUSTOM ROM'LAR NİYƏ VAR?
    Günümüzdə bir çox insan istehsalçının təklif etdiyi original ROM yerinə bu özəl ROM'lara üstünlük verir. Təbii ki, bu seçim məsələsidir. Amma belə statistikanın formalaşmasına bir çox səbəb var.
     
    Firma hər il yeni modellər istehsal edir. Firmaların bir marketing strategiyası olur. Hər yeni model istehsal olunduqca, ona yeni əməliyyat sistemi yüklənir. Yeni modelini sata bilmək üçün əvvəlki modellərə yeniləmə edilməyəcəyini açıqlayır. Hətta telefonun parametrləri yeni sistemə uyğun olsa belə. Deyək ki, siz X markalı telefonu Android 4.4 versiyası ilə almısınız və rəsmi firma sizin telefona yeniləmə edilməyəcəyini açıqlayır. Əgər Android 5.0 əməliyyat sisteminə sahib olmaq istəyirsinizsə, məcbur olub Y markalı telefon almalısınız. Bu isə həm əlavə xərc, həm də məcburi addım olur. Bir çox hallarda isə bu dediyimizi çox insan etmir. Bunu nəzərə alan developerlər isə X markalı telefona Android 5.0 sistemli özəl ROM'lar hazırlayıb istifadəçilərə təqdim edirlər. Beləliklə, siz Y markalı telefonu almaq məcburiyyətində qalmırsınız.
     
    CUSTOM ROM'LARIN MƏNFİ VƏ MÜSBƏT CƏHƏTLƏRİ NƏLƏRDİR?
    Hər bir proqramlaşdırma kimi Custom ROM'ların da mənfi və müsbət cəhətləri var. Müsbət cəhətləri mənfi cəhətlərinə nisbətən daha çoxdur. Onları sizə aydınlaşdıraq
    Müsbət cəhətlər: Özəl ROM'larda sizin istədiyiniz bütün funksiyalar olur. Lazımsız sistem proqramları, RAM'da əlavə yer tutan aktivlik kəskin azaldılır. RAM istifadəsi daha optimal olur. Bu ROM'larda cihazınızı istədiyiniz kimi dizayn edə bilirsiniz. ROM'un sizə təqdim etdiyi xüsusiyyətlərlə onu zövqünüzə uyğun şəxsiləşdirə bilirsiniz. Ən əsas cəhəti isə bütün telefonlar üçün ROM mövcuddur. Telefonunuz köhnədirsə, son yenilikləri almırsa, onda bu tam sizə görədir. Yeni Android əməliyyat sistemini bu ROM'larla telefonunuza qurub istifadə edə bilirsiniz.
    Mənfi cəhətlər: Bu ROM'ların mənfi cəhətləri isə daim risk daşımaları və stabil olmamalarıdır. ROM qurmaq üçün sizin cihazla bağlı biliyiniz olmalıdır. Yəni, heç bir şeydən məlumatlı olmayaraq cihazınıza ROM qurmaq istəsəniz, cihazınızı həmişəlik itirə bilərsiniz. ROM yazmaq prosesi çətin deyil. Sadəcə daha diqqətli olmaq lazımdır. Göstərilən addımları dəqiq yerinə yetirmək lazımdır. Addımlarda səhv etsəniz telefonunuz brick ola bilər. (Brick-telefonun bir daha yanmaması) Brick də növünə görə iki cür olur: Soft Brick və Hard Brick. Çox hallarda telefon Soft Brick olur. Belə olduqda,cihazın öz sistemini yükləyərək telefonu həyata qaytarmaq mümkündür. (Bu barədə növbəti yazılarımızda qeyd edəcəyik) Digər mənfi cəhət isə ROM'ların hamısının stabil olmamasıdır. Yəni, özəl ROM original ROM'dan çox pis ola bilər. ROM'da bir çox şey çatışmaya bilər və ya stabil olmadıqda telefon tez tez tamamilə dona bilər. Belə hallarla qarşılaşmamaq üçün ROM'lar haqqında yazılan informasiyanı dəqiq oxumağınız məsləhətlidir. İnsanların həmin ROM haqqındakı fikirləri də önəmlidir. Bu sizə yol göstərə bilər.
     
    Diqqət! Cihazınıza ROM yükləmək riskli əməliyyatdır. Yükləmə prosesində hər hansı bir  problem yaşanarsa, cihazınız tamamilə işləməyə bilər. Bununla yanaşı, ROM yazmaq cihazınızın qarantiyasını itirir. ROM yükləmədən öncə diqqətli və dəqiq araşdırma edin!
     
    Özəl ROM'lar barədə, onların yüklənmə qaydaları barədə isə növbəti yazılarımızda qeyd edəcəyik. Bizi izləməyə davam edin!
    Linki kopyala