LibreOffice Linux üçün 32 bit'lik uyğunlaşmaların yaradılmasını dayandırır

10.06.2019 0 PAYLAŞIM 585 OXUNMA



    Document Foundation təşkilatı Linux üçün nəzərdə tutulmuş 32-bitlik LibreOffice binar uyğunlaşmalarının yaradılmasının dayandırıldığını elan edib. Bu barədə Opennet.ru saytı xəbər verib. Bu dəyişiklik LibreOffice-in 6.3 versiyası ilə qüvvəyə minəcək. Həmin versiyanın isə 7 avqust tarixində işıq üzü görəcəyi gözlənilir. 32 bit-lik LibreOffice binar uyğunlaşmalarının dayandırılmasının əsas səbəbi isə bu cür uyğunlaşmalara tələbatın az olmasındadır. Belə ki, onların kompilyasiyasına, testinə və yayılmasına sərf olunan resurslar özlərini doğrultmur.

    Linux istifadəçilərinin əsas hissəsi LibreOffice-i layihənin əsas saytından deyil, distributivlərdən quraşdırırlar. Mənbə kodunda 32 bit-lik sistemlərin dəstəyi olduğu kimi qalacaq. Buna görə də Linux distributivləri LibreOffice-li 32 bit-lik paketləri yenə də təmin etməyə davam edəcəklər. Həvəskarlar isə lazım olduğu halda yeni versiyaları mənbə mətnlərindən yarada bilərlər. Rəsmi olaraq isə Linux üçün 32 bit-lik uyğunlaşmalar bir də olmayacaq. Windows əməliyyat sistemi üçün 32 bit-lik uyğunlaşmalar əvvəlki kimi təqdim olunmağa davam edəcəklər.