Logo
    main-post-cover

    25 il, 65 milyon məqalə: Wikipedia-nın missiyası davam edir

    Digər
    28.01.2026
    Ilhama
        Technote.az “Nature” platformasına istinadən bildirir ki, dünyanın ən böyük onlayn ensiklopediyası olan Wikipedia 25 yaşını qeyd edir. 15 yanvarda yaranmasının ildönümünü qeyd edən platforma təkcə uzunömürlülüyü ilə deyil, eyni zamanda qurulduğu gündən bəri əsas dəyərlərinə sadiq qalması ilə seçilir. Wikipedia pulsuzdur, açıq iştirakçılığa əsaslanır və məlumatların şəffaf təqdim edilməsini hədəfləyir.
    An Oral History of Wikipedia, the Web's Encyclopedia | by Tom Roston |  OneZero
        Hazırda təxminən 65 milyon məqaləni əhatə edən ensiklopediyada verilən bütün məlumatlar etibarlı mənbələrə istinad edir və oxucular bu mənbələrə birbaşa çıxış əldə edə bilirlər. Wikipedia-nın həmtəsisçisi Jimmy Wales-in sözlərinə görə, “Wikipedia-nın bütün fəlsəfəsi ekspertliyə hörmət üzərində qurulub”. Sosial şəbəkə alqoritmlərinin radikal mövqeləri gücləndirdiyi, süni intellekt vasitəsilə hazırlanmış keyfiyyətsiz və yanlış məlumatların sürətlə yayıldığı bir dövrdə Wikipedia etibarlı bilik üçün mühüm alternativ rolunu oynayır. Mütəxəssislərin fikrincə, bu platformaya bu gün onun yarandığı dövrdən daha çox ehtiyac var.
        2000-ci illərin əvvəlində internet biliklərin sərhədsiz paylaşımı üçün böyük ümidlər vəd edirdi. Wikipedia da məhz bu ideya üzərində quruldu: insan biliklərini hər kəs üçün əlçatan etmək. Bu gün platforma 300-dən çox dildə fəaliyyət göstərir və təkcə ingilis dilində hər gün orta hesabla 500 yeni məqalə əlavə olunur. Bundan əlavə, Wiktionary, Wikidata və Wikimedia Commons kimi layihələr də açıq bilik ekosisteminin bir hissəsidir. Wikipedia-nı idarə edən Wikimedia Foundation San-Fransiskoda yerləşən qeyri-kommersiya təşkilatıdır və təxminən 700 əməkdaşı var. Bununla belə, platformanın əsas yükünü daşıyanlar isə 280 minə yaxın aktiv redaktor könüllülərdir. Onların işi Wikipedia-nın beş əsas prinsipinə, xüsusilə də “neytral baxış bucağı” və “yoxlanıla bilənlik” qaydasına əsaslanır. Hər məqalənin “müzakirə” səhifəsinin olması isə oxuculara məlumatın necə formalaşdığını, hansı dəyişikliklərin aparıldığını və redaktorlar arasında hansı mübahisələrin getdiyini görməyə imkan verir. Araşdırmalar göstərir ki, bu açıq və kollektiv yanaşma yüksək keyfiyyətli məlumatın yaranmasına kömək edir.
        Alimlər və tədqiqatçılar da Wikipedia-nın gələcəyi üçün vacib hesab olunur. Çünki sübutlara əsaslanan, obyektiv və mədəni müzakirə mədəniyyətinə malik redaktorlar dezinformasiyaya qarşı ən güclü vasitələrdən biridir. Bununla yanaşı, axtarış sistemlərinin AI əsaslı xülasələri birbaşa Wikipedia məqalələrinin önünə çıxarması platformanın görünürlüğünü azaldır. Üstəlik, bir çox süni intellekt modelləri Wikipedia məzmunu üzərində təlim alıb, lakin bunun qarşılığında nə kompensasiya, nə də açıq istinad verilir. Wikimedia Foundation bu səbəbdən texnologiya şirkətləri ilə danışıqlar apararaq məzmunun məsuliyyətli istifadəsini və ədalətli əməkdaşlığı təmin etməyə çalışır.
    Paylaş