Logo
    main-post-cover

    72-ci "Cannes Lions" festivalının ilk qalibləri bəllidir!

    Digər
    23.06.2026
    Sabina
        “Cannes Lions 2026”dan məzmun yayımları “Azercell”in eksklüziv tərəfdaşlığı ilə həyata keçirilir.
        "Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı" yaradıcı fərdləri, sənaye liderlərini və gənc istedadları yenidən bir araya gətirərək yaradıcılığın qlobal mərkəzi olduğunu bir daha sübut etməyi hədəfləyir. 72-ci dəfə keçirilən festivalın ilk günündə “Audio & Radio”, “Creative Brand”, “Creative B2B”, “Health & Wellness”, “Outdoor”, “Pharma” və “Print & Publishing” kateqoriyaları üzrə qaliblər elan olundu.
        Bu il festivalın münsiflər heyətində dünyanın müxtəlif ölkələrindən 300-dən çox peşəkar yer alıb və onlar 92 ölkədən göndərilən 20 050 müraciəti qiymətləndiriblər. Festival həmçinin bu ildən etibarən yeni “Awards Integrity Standards” qaydalarını tətbiq etməyə başlayıb. Bu standartlar işlərin etibarlılığını, nəticələrin doğruluğunu və qiymətləndirmə prosesinin şəffaflığını daha da gücləndirmək üçün təyin edilib.
        Audio & Radio Lions
        Bu kateqoriyada 513 müraciət arasından 15 iş “Şir” qazandı (2 qızıl, 5 gümüş, 7 bürünc). Qran-pri isə “Hyundai Puerto Rico” üçün hazırlanan “Coquí Alarmed” kampaniyasına təqdim olundu. “BBDO Puerto Rico” tərəfindən ərsəyə gətirilən layihədə avtomobillərin standart kilid siqnalı Puerto-Rikonun simvollarından biri olan "coquí" qurbağasının səsi ilə əvəz edilib. Beləliklə, marka yerli mədəniyyətlə daha güclü əlaqə quraraq insanların brendə münasibətini dəyişməyi bacarıb.
        Creative Brand Lions
        Bu il ilk dəfə təqdim olunan “Creative Brand Lions” kateqoriyası yaradıcılığı kampaniya səviyyəsindən çıxarıb şirkət mədəniyyətinin və biznes strategiyasının bir hissəsinə çevirən brendləri qiymətləndirir. Kateqoriyada 73 müraciət arasından yalnız iki mükafat təqdim olundu. Qran-pri isə “AB InBev: Creativity at Scale” işinə verildi. Layihə yaradıcılığın qlobal şirkət daxilində sistemli şəkildə necə tətbiq olunduğunu və biznes artımına necə çevrildiyini nümayiş etdirir.
        Creative B2B Lions
        355 müraciətin qəbul edildiyi bu kateqoriyada 11 iş mükafat qazandı. Ən böyük mükafat — Qran-pri isə “SKF” üçün hazırlanmış “The Faroe Islands Space Program” kampaniyasına təqdim edildi. “NORD Stockholm” tərəfindən həyata keçirilən layihə sənaye sektoruna aid texniki bir brendi qlobal dayanıqlılıq müzakirəsinin mərkəzinə gətirməyi bacarıb və B2B kommunikasiyalarının sərhədlərini genişləndirib.
        Health & Wellness Lions
        Şəxsi rifah və sağlamlıq sahəsində yaradıcılığı qiymətləndirən bu kateqoriyada 889 müraciətdən 31-i mükafata layiq görüldü (5 qızıl, 10 gümüş, 15 bürünc). Qran-pri mükafatı isə “The Ordinary” brendi üçün hazırlanmış “The Periodic Fable” kampaniyasına verildi. “SMUGGLER” və “Uncommon Creative Studio” tərəfindən ərsəyə gətirilən layihə gözəllik sənayesində geniş istifadə olunan, lakin tənzimlənməyən marketinq terminlərini yenidən təsnif edərək istehlakçıları daha məlumatlı seçim etməyə təşviq edib.
        Lions Health and United Nations Foundation Grand Prix for Good
        Bu ilin “Grand Prix for Good” mükafatı “Caritas” üçün hazırlanmış “Vehicle of Hope” kampaniyasına təqdim olundu. “Differ Stockholm” tərəfindən hazırlanan layihə sosial təsir yaratmaq və cəmiyyətə fayda vermək məqsədilə həyata keçirilən ən güclü işlərdən biri kimi seçildi.
        Outdoor Lions
        Açıq hava reklamlarını qiymətləndirən bu kateqoriyada 1410 müraciət arasından 40 layihəyə mükafat təqdim edildi (7 qızıl, 13 gümüş, 19 bürünc). Qran-pri “Mercado Livre” üçün hazırlanan “Field Barcode” kampaniyasına təqdim edildi. “GUT São Paulo” tərəfindən yaradılan layihədə Braziliyanın məşhur Pacaembu stadionunun meydançası nəhəng barkoda çevrilib. Azarkeşlər bu barkodu skan edərək real vaxtda brendlə qarşılıqlı əlaqəyə girə biliblər.
        Pharma Lions
        236 müraciətin qəbul edildiyi kateqoriyada cəmi 7 iş “Şir” qazandı. Qran-pri “Novartis” üçün hazırlanan “Relax Your Tight End” kampaniyasına verildi. “Fallon Minneapolis” tərəfindən yaradılan layihə prostat xərçəngi müayinəsi ilə bağlı tabunu yumor və populyar mədəniyyət vasitəsilə geniş auditoriyaya çatdıraraq diqqət çəkməyi bacarıb.
        Print & Publishing Lions
        Bu kateqoriyada 418 müraciət arasından 13 layihə mükafat ilə evə qayıtdı. Qran-pri isə “Heinz” üçün hazırlanmış “Look Familiar?” kampaniyasına təqdim olundu. “Rethink Toronto” tərəfindən həyata keçirilən layihə hətta məhsulu birbaşa göstərmədən illər ərzində formalaşmış məşhurluğu istifadə edərək auditoriyanın diqqətini çəkməyi və satış artımı yaratmağı bacarıb.
        Gecənin xüsusi mükafatları
        “İlin səhiyyə şəbəkəsi” (Healthcare Network of the Year) adına “Klick Health” layiq görülüb, “Ogilvy Health” ikinci, “Real Chemistry” isə üçüncü yerdə qərarlaşıb. “İlin səhiyyə agentliyi” (Healthcare Agency of the Year) siyahısında isə ilk üçlükdə “Klick Health Toronto”, “Ogilvy Health New York” və “21GRAMS New York” yer alıb. Festival çərçivəsində təqdim olunan “Entertainment Person of the Year” mükafatı isə Apple şirkətinin Xidmətlər və Sağlamlıq üzrə baş vitse-prezidenti Eddy Cue-yə verilib.
        “Cannes Lions 2026” davam edir. Növbəti günlərin qalibləri və festivalın ən diqqətçəkən anları ilə tanış olmaq üçün bizi izləməyə davam edin.
    Paylaş