"Cannes Lions" 4-cü günündə innovativ, strateji və yaradıcı layihələri mükafatlandırır!
“Cannes Lions 2026”dan məzmun yayımları “Azercell”in eksklüziv tərəfdaşlığı ilə həyata keçirilir.
“Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın dördüncü mükafatlandırma mərasimində biznes, strategiya, lüks, brend təcrübəsi, kommersiya və innovasiya istiqamətlərini əhatə edən kateqoriyalar üzrə qaliblər elan olundu. “Creative Business Transformation”, “Creative Effectiveness”, “Creative Strategy”, “Luxury”, “Brand Experience & Activation”, “Creative Commerce” və “Innovation” kateqoriyalarında təqdim olunan mükafatlar yaradıcılığın təkcə ünsiyyət vasitəsi deyil, həm də biznesi dəyişdirən real güc olduğunu göstərdi. Bu gün Yunanıstan “Creative Business Transformation” kateqoriyasında ilk qran-prisini qazandı, Kanada isə “Innovation” kateqoriyasında həftənin ikinci qran-prisini əldə etdi.
Creative Business Transformation Lions
Biznesləri irəli aparan yaradıcı həlləri qiymətləndirən bu kateqoriyada 152 müraciətdən 7-si “Şir” qazandı. Qran-pri “Wikifarmer” üçün hazırlanmış “The Wedding Rice” layihəsinə təqdim olundu. “McCann Athens” tərəfindən ərsəyə gətirilən iş yeyilməyə yararsız düyünü toy planlayıcılarına satmaq üçün yeni biznes modeli yaradıb. Beləliklə, fermerlər üçün əlavə gəlir mənbəyi formalaşıb və Yunanıstan tarixində ilk dəfə “Cannes Lions” qran-prisi qazanıb.
Creative Effectiveness Lions
200 müraciətin qəbul edildiyi bu kateqoriyada 14 layihə mükafata layiq görüldü. Qran-pri “AXA France” üçün hazırlanan “Three Words” kampaniyasına verildi. “Publicis Conseil Paris” tərəfindən həyata keçirilən layihədə ev sığortası müqavilələrinə ailə zorakılığından əziyyət çəkən şəxslər üçün həyati əhəmiyyət daşıyan üç söz əlavə olunub. Kampaniya həm sosial təsir, həm də biznes nəticələri baxımından seçilib.
Creative Strategy Lions
İdeyanın arxasındakı strateji düşüncəni dəyərləndirən bu kateqoriyada 744 iş arasından 22-si “Şir”lə evə qayıtdı. Qran-pri “Heineken” üçün hazırlanmış “The Pub that Refused to Die” kampaniyasına təqdim edildi. “LePub Milan” və “Publicis Dublin” tərəfindən hazırlanan layihə İrlandiyada bağlanmaq təhlükəsi ilə üzləşən pabları icmaların sahiblik edə biləcəyi sosial modelə çevirməyi hədəfləyib.
Luxury Lions
130 müraciətin qiymətləndirildiyi “Luxury Lions” kateqoriyasında yalnız 5 iş mükafat qazandı. Qran-pri “Moncler” üçün hazırlanmış “Warmer Together” kampaniyasına verildi. “Wesayhi Sliema” tərəfindən ərsəyə gətirilən layihə Al Pacino və Robert De Niro üzərindən istilik, dostluq və insan əlaqəsi ideyasını lüks brend hekayəsinin mərkəzinə yerləşdirib.
Brand Experience & Activation Lions
Bu kateqoriyada 1561 müraciət arasından 47 layihə “Şir” qazandı. Qran-pri “Columbia Sportswear” üçün hazırlanmış “Expedition Impossible” kampaniyasına təqdim olundu. “Adam&EveTBWA London” tərəfindən hazırlanan layihədə brend Yer kürəsinin düz olduğunu sübut edən şəxsə şirkəti verməyi təklif edib. Bu provokativ ideya həm brendin kəşfiyyat ruhunu gücləndirib, həm də faktlara və rasional düşüncəyə diqqət çəkib.
Creative Commerce Lions
393 müraciətdən 14-ü mükafata layiq görüldü. Qran-pri “Wisła Kraków Football Club” üçün hazırlanmış “Lucky Fan Index” layihəsinə təqdim edildi. “VML Warsaw” tərəfindən yaradılan bu AI əsaslı alət azarkeş məlumatlarını idman sevgisi ilə birləşdirərək klubla fanatlar arasındakı əlaqəni gücləndirib və kommersiya nəticələri yaradıb.
Innovation Lions
162 müraciətin cəmi 5-i “Şir” qazandı. Qran-pri “adidas” üçün hazırlanmış “Supernova Adaptive” layihəsinə verildi. “TBWACanada” tərəfindən hazırlanan bu performans qaçış ayaqqabısı Daun sindromlu insanlarla birlikdə dizayn edilib. Layihə innovasiyanı sadəcə texnoloji yenilik kimi deyil, daha çox insan üçün hərəkət imkanını genişləndirən real dəyişiklik kimi təqdim edib.
Günün xüsusi mükafatı — "İlin regional şəbəkəsi (Regional Network of the Year)" də bu günaçıqlandı:
- Asiya üzrə: Ogilvy
- Avropa üzrə: TBWA Worldwide
- Yaxın Şərq və Şimali Afrika üzrə: McCann
- Latın Amerika üzrə: Ogilvy
- Şimali Amerika üzrə: Ogilvy
- Sakit okean regionu üzrə: Leo
- Səhraaltı Afrika üzrə: Leo
“Cannes Lions 2026” artıq finala yaxınlaşır. Festivalın son günündə təqdim olunacaq qaliblər və ən diqqətçəkən işlərlə tanış olmaq üçün bizi izləməyə davam edin.
Paylaş