"Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın son qalibləri açıqlandı
“Cannes Lions 2026”dan məzmun yayımları “Azercell”in eksklüziv tərəfdaşlığı ilə həyata keçirilir.
“Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın son mükafatlandırma mərasimində builki festivalın son “Şir”ləri də sahiblərini tapdı. Final gecəsində “Glass: The Lion for Change”, “Sustainable Development Goals”, “Film”, “Dan Wieden Titanium” və “Grand Prix for Good” kateqoriyaları üzrə qaliblər elan olundu. Bu gün həm də tarixi nəticələrlə yadda qaldı. Keniya festival tarixində ilk qran-prisini qazandı, müstəqil agentlik “Mother London” isə “Film Lions”un ən yüksək mükafatına layiq görüldü.
Glass: The Lion for Change
122 müraciətin qiymətləndirildiyi bu kateqoriyada cəmi 5 iş “Şir” qazandı. Qran-pri “IDOMED & Instituto Yduqs” üçün hazırlanmış “Nigrum Corpus” layihəsinə təqdim olundu. “Artplan São Paulo” tərəfindən ərsəyə gətirilən iş irqçiliyin tibb təhsilində yaratdığı boşluqları araşdıraraq qaradərili pasiyentlərin daha düzgün diaqnostika və müalicə almasına töhfə verən yeni tibbi dərs vəsaiti hazırlayıb. Layihə artıq Braziliyanın ali tibb qurumu tərəfindən qəbul edilib və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənib.
Sustainable Development Goals Lions
289 layihə arasından yalnız 9-unun mükafata layiq görüldüyü bu kateqoriyada qran-pri Keniyadan “Too Good” təşkilatı üçün hazırlanmış “Paid Sick Leave for Cows” kampaniyasına verildi. “The Partnership Agency Nairobi” tərəfindən həyata keçirilən layihə kənd təsərrüfatı və əmək hüquqlarını birləşdirərək fermerlərə xəstə heyvanlara qulluq üçün yeni iqtisadi model təqdim edib. Bununla da Keniya tarixində ilk dəfə “Cannes Lions” qran-prisi qazanır.
Film Lions
1469 müraciətin yarışdığı “Film Lions” kateqoriyasında 45 iş “Şir”lə evə qayıtdı. Münsiflər heyəti builki qran-prini iki filmə təqdim etdi:
“Claude” üçün hazırlanmış “Can I Get a Six Pack Quickly?” və “How Can I Communicate Better with My Mom?”.
“Mother London” tərəfindən ərsəyə gətirilən reklam filmləri süni intellekt bazarında fərqli mövqe tutaraq Claude-u reklam göstərməyəcəyinə söz verən AI platforması kimi təqdim edib və bunu yumorla auditoriyaya çatdırıb.
“Claude” üçün hazırlanmış “Can I Get a Six Pack Quickly?” və “How Can I Communicate Better with My Mom?”.
“Mother London” tərəfindən ərsəyə gətirilən reklam filmləri süni intellekt bazarında fərqli mövqe tutaraq Claude-u reklam göstərməyəcəyinə söz verən AI platforması kimi təqdim edib və bunu yumorla auditoriyaya çatdırıb.
Dan Wieden Titanium Lions
Yaradıcılığın sərhədlərini genişləndirən ideyaların yarışdığı bu kateqoriyada 5 mükafat elan edildi. Qran-pri isə “Suncorp Insurance” üçün hazırlanan “Haven” layihəsinə təqdim olundu. “Leo Australia” tərəfindən hazırlanmış kampaniya sığortanı sadəcə maliyyə xidməti kimi deyil, insanların evlərini və icmalarını ekstremal hava hadisələrinə hazırlayan uzunmüddətli ictimai təşəbbüsə çevirib.
Grand Prix for Good
Bu ilin “Grand Prix for Good” mükafatı “Comando Con Venezuela” üçün hazırlanmış “600K Network” layihəsinə təqdim olundu. “Rainbow Lobster Mexico City” tərəfindən həyata keçirilən kampaniya sadə bir QR kod vasitəsilə 2024-cü il Venesuela seçkilərində 600 mindən çox vətəndaşı seçki nəticələrinin yoxlanılması prosesinə cəlb edən mərkəzsiz monitorinq şəbəkəsi yaradıb.
Azərbaycan "Cannes Lions" səhnəsində
Hər il festivalın son günündə əsas mükafatlarla yanaşı, "Young Lions" mükafatları da təqdim olunur. Bu il isə ilk dəfə idi ki, Azərbaycan da "Young Lions" müsabiqəsində qısa siyahıya düşdü. Bu münasibətlə "Dizayn" kateqoriyasında yarışan gənclərimizi — Samir Məmmədzadə və Nigar Hüseynovanı təbrik edirik.
Festivalın yekun xüsusi mükafatları
Final gecəsində festivalın ən nüfuzlu xüsusi mükafatları da sahiblərinə təqdim olundu:
- "İlin şəbəkəsi (Network of the Year): Ogilvy
- "İlin müstəqil şəbəkəsi (Independent Network of the Year): Rethink
- "İlin agentliyi (Agency of the Year): LePub Milan
- "İlin müstəqil agentliyi (Independent Agency of the Year): Rethink Toronto
- "İlin yaradıcı brendi (Creative Brand of the Year): Heineken
- Palme d'Or: MJZ
Daxili yaradıcı komandalar arasında isə “İlin in-house agentliyi” (“In-house Agency of the Year”) adına “Apple” layiq görülüb. “Google Creative Lab” ikinci, “L’Oréal” isə üçüncü yerdə qərarlaşıb.
Beləliklə, “Cannes Lions 2026” daha bir il ərzində yaradıcılığın biznesə, cəmiyyətə və mədəniyyətə təsirini nümayiş etdirən işləri mükafatlandıraraq başa çatdı. Festivalın builki qalibləri bir daha göstərdi ki, ən güclü ideyalar təkcə diqqət çəkmir, həm də real dəyişiklik yaradır.
Paylaş