"Cannes Lions" festivalının ən güclü layihələri: Üçüncü günün qalibləri
“Cannes Lions 2026”dan məzmun yayımları “Azercell”in eksklüziv tərəfdaşlığı ilə həyata keçirilir.
“Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı” üçüncü mükafatlandırma mərasimində “Creative Data”, “Media”, “Direct”, “PR” və “Social & Creator” kateqoriyaları üzrə builki qalibləri elan etdi. Bu gecə xüsusilə Peru və Puerto-Riko üçün yaddaqalan oldu. Peru “Creative Data” kateqoriyasında ilk qran-prisini qazanarkən, Puerto-Riko festival ərzində ikinci qran-prisini əldə etdi.
Creative Data Lions
Məlumat əsaslı yaradıcılığı qiymətləndirən bu kateqoriyada 391 müraciətin yalnız 13-ü mükafat qazandı. Qran-pri “BCP” bankı üçün hazırlanan “SOS POS” layihəsinə təqdim olundu. “Circus Grey Lima” tərəfindən ərsəyə gətirilən kampaniya adi POS-terminalları oğurlanan telefonların hesabları bloklama nöqtələrinə çevirərək 34 milyondan çox vətəndaşa xidmət göstərib.
Media Lions
1432 layihənin yarışdığı bu kateqoriyada 45 iş mükafata layiq görüldü. Qran-pri “Uber Eats” üçün hazırlanmış “Build Your Own Super Bowl” kampaniyasına verildi. “Special Los Angeles” tərəfindən həyata keçirilən layihədə istifadəçilər tətbiq daxilində öz Super Bowl reklamlarını yarada bildilər. Kampaniya media, texnologiya və elektron ticarəti bir platformada birləşdirərək rekord satış nəticələri əldə edib.
Direct Lions
1325 müraciət arasından 42 layihə “Şir"lə evə qayıtdı. Qran-pri “UVA App” üçün hazırlanmış “Uva Uva Bombón” kampaniyasına təqdim edildi. “de la Cruz Ogilvy San Juan” tərəfindən hazırlanan iş Bad Bunny-nin Super Bowl çıxışının yaratdığı qlobal diqqətdən istifadə edərək çatdırılma tətbiqini qısa müddətdə geniş auditoriyanın gündəminə gətirib.
PR Lions
PR sahəsində 1156 iş jüri tərəfindən qiymətləndirilib və onlardan cəmi 37-si mükafat qazanıb. Gecənin qran-prisi “KitKat” üçün hazırlanmış “The KitKat Heist” kampaniyasına təqdim olundu. “Burson London” tərəfindən həyata keçirilən layihə məhsulun oğurlanması hadisəsini yaradıcı şəkildə qlobal PR kampaniyasına çevirərək həm medianın, həm də istehlakçıların diqqətini cəlb etməyi bacardı.
Social & Creator Lions
1413 müraciətin qəbul edildiyi bu kateqoriyada 44 layihə “Şir” qazandı. Qran-pri “Heineken” üçün hazırlanan “Could Have Been a Heineken” kampaniyasına verildi. “LePub Milan” tərəfindən hazırlanan layihə “WhatsApp” səsli mesajlarından ilham alaraq insanları ekran qarşısından uzaqlaşıb dostları ilə üz-üzə görüşməyə və birlikdə pivə içməyə təşviq edib.
Günün xüsusi mükafatları da sahiblərinə təqdim olunub. “İlin media şəbəkəsi” (“Media Network of the Year”) adına “Carat” layiq görülüb. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq “OMD Worldwide” və “PHD Worldwide” qərarlaşıb. “İlin PR agentliyi” (“PR Agency of the Year”) siyahısında isə ilk yeri “Burson London”, ikinci yeri “Golin Ketchum London”, üçüncü yeri isə “Ninch Company Buenos Aires” tutub.
“Cannes Lions 2026” davam edir. Festivalın növbəti günündə açıqlanacaq qaliblər və ilhamverici işlərlə tanış olmaq üçün bizi izləməyə davam edin.
Paylaş