Electronic Arts 35 ildən sonra birjadan gedir
Electronic Arts 35 ildən sonra birjada fəaliyyətini dayandıraraq özəl şirkətə çevrilməyə hazırlaşır. Şirkətin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi sənədə əsasən, EA-nın 55 milyard dollarlıq özəlləşdirmə sövdələşməsinin avqustun 4-də tamamlanması gözlənilir. Şirkət iyulun 30-na olan məlumata görə, sövdələşmənin başa çatması üçün tələb olunan bütün tənzimləyici icazələrin alındığını bildirib.
Electronic Arts ötən il Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF), Silver Lake və Affinity Partners tərəfindən satın alınması barədə razılaşma əldə etmişdi. 55 milyard dollarlıq əməliyyat indiyədək həyata keçirilmiş ən böyük borcla maliyyələşdirilən satınalma (leveraged buyout) kimi təqdim olunur. Sövdələşmə tamamlandıqdan sonra EA-nın səhmləri artıq açıq birjada alınıb-satılmayacaq. Bununla da şirkətin 35 illik birja tarixçəsi başa çatacaq. Şirkətin idarəetməsində isə ciddi dəyişiklik gözlənilmir. Andrew Wilson EA-nın baş direktoru vəzifəsində qalacaq, şirkətin baş qərargahı isə Kaliforniyanın Redwood City şəhərində fəaliyyətini davam etdirəcək. EA son illərdə oyun sənayesində yaşanan çətinliklər fonunda işçi ixtisarları həyata keçirib, bəzi oyun layihələrini ləğv edib və studiyalarını bağlayıb. Hətta məşhur Need for Speed seriyası da qeyri-müəyyən müddətə dayandırılıb.
Paylaş
