Silikon Vadisinin məşhur startaplarına investisiya etmək artıq daha əlçatandır
ABŞ-nin məşhur investisiya platforması Robinhood fərdi investorlar üçün yeni investisiya məhsulu təqdim edib. Robinhood Venture Fund II (RVII) adlanan fond sayəsində adi investorlar ilk dəfə olaraq Y Combinator akseleratorundan çıxmış startaplara dolayısı ilə investisiya edə biləcəklər. Fondun 13 avqustdan etibarən birjada ticarətə çıxarılması planlaşdırılır. İlkin səhm qiyməti 25 dollar olacaq. Robinhood bu fond vasitəsilə 200 milyon dollara qədər vəsait toplamağı və həmin vəsaiti Y Combinator-un hazırkı və keçmiş iştirakçıları tərəfindən yaradılmış startapların səhmlərinə yatırmağı hədəfləyir.
Bununla belə, investorlar startapların səhmlərinə birbaşa sahib olmayacaqlar. Onlar yalnız fondun səhmlərini alıb-sata biləcəklər. Fondun gəlirləri isə portfelindəki startapların gələcəkdə uğurlu satış və ya IPO kimi böyük çıxışlar etməsindən asılı olacaq. Robinhood-un təqdim etdiyi fond vençur kapitalı (VC) fondlarına bənzər ödəniş modelindən istifadə edir. İdarəetmə üçün illik təxminən 2 %-lik komissiya, əlavə xərclərlə birlikdə isə ümumi ödəniş 4 %-dən bir qədər çox olacaq. Bundan əlavə, fond mənfəət əldə edərsə, qazancın 20 %-i "carried interest" kimi Robinhood-un əlaqəli şirkətinə ödəniləcək.
Maraqlı məqamlardan biri odur ki, ənənəvi vençur fondlarından fərqli olaraq, bu fondun fəaliyyət müddəti və investorlara vəsaitin nə vaxt qaytarılacağı ilə bağlı konkret tarix açıqlanmayıb. Bu səbəbdən investorların əsas gəlir gözləntisi fondun birjadakı qiymətinin artması olacaq.
Paylaş
