Logo
    main-post-cover

    Yaradıcılıq "Cannes Lions"da parlamağa davam edir: İkinci günün qalibləri

    Digər
    26.06.2026
    Sabina
        “Cannes Lions 2026”dan məzmun yayımları “Azercell”in eksklüziv tərəfdaşlığı ilə həyata keçirilir.
        “Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın ikinci mükafatlandırma mərasimində əyləncə istiqamətlərini əhatə edən 8 kateqoriya üzrə qaliblər elan olundu. “Entertainment”, “Entertainment Lions for Gaming”, “Entertainment Lions for Music”, “Entertainment Lions for Sport”, “Design”, “Digital Craft”, “Film Craft” və “Industry Craft” kateqoriyalarında təqdim olunan mükafatlar bu il də yaradıcılığın brendlərlə mədəniyyət arasında necə körpü qurduğunu nümayiş etdirdi.
        Entertainment Lions
        Brendi mədəniyyətin bir hissəsinə çevirən layihələri qiymətləndirən bu kateqoriyada 656 müraciətdən yalnız 20-si “Şir”lə mükafatlandırıldı. Qran-pri “adidas” üçün “Johannes Leonardo” tərəfindən hazırlanan “Original Forever” kampaniyasına təqdim olundu. Brend “Oasis” qrupu ilə əməkdaşlıq edərək rəsmi tur məhsulları hazırlayıb və musiqi ilə fandomu bir araya gətirən unudulmaz mədəni anlar yaradıb.
        Entertainment Lions for Gaming
        216 iş arasından cəmi 8 layihə bu kateqoriyada mükafat qazanmağı bacardı. Qran-pri “Clash Royale” üçün hazırlanan “Copycats Welcome” kampaniyasına verildi. “DAVID New York” tərəfindən ərsəyə gətirilən layihə oyunun saxta versiyalarını oynayan istifadəçilərə bütün oyun irəliləyişlərini itirmədən orijinal oyuna keçmək imkanı yaradaraq oyun icmasının rəğbətini qazandı.
        Entertainment Lions for Music
        Musiqi və brendlər arasında yaradıcı əməkdaşlıqları dəyərləndirən bu kateqoriyada 318 müraciətdən 13-ü mükafatla evə qayıtdı. Münsiflər heyəti bu il iki qran-pri təqdim etdi. Onlardan biri “adidas”ın “Original Forever” kampaniyasına, digəri isə Rosalía üçün hazırlanan “Berghain” layihəsinə verildi. “Canada Barcelona” tərəfindən ərsəyə gətirilən iş vizual və musiqi elementlərini bir araya gətirərək klassik və müasir üslubları uğurla birləşdirdi.
        Entertainment Lions for Sport
        660 müraciətin qiymətləndirildiyi bu kateqoriyada 21 layihə mükafata layiq görüldü. Qran-pri “Club Deportivo Municipal” üçün hazırlanan “The Thousand Sponsors of Muni” kampaniyasına təqdim olundu. “McCann Lima” tərəfindən həyata keçirilən layihə azarkeşləri klubun sponsoruna çevirərək maliyyə böhranında olan futbol komandasını dəstəkləmək üçün yeni model yaradıb.
        Design Lions
        Burada 792 müraciətdən cəmi 26-sı “Şir” qazandı. Qran-pri “Apple TV Rebrand” layihəsinə təqdim edildi. “TBWAMedia Arts Lab” tərəfindən hazırlanan yeni vizual kimlik Apple TV platformasının kino estetikasını dizayn dili ilə birləşdirərək brendə daha güclü və emosional görünüş qazandırıb.
        Digital Craft Lions
        355 iş arasından 11 layihə mükafatlandırıldı. Qran-pri “Google”un “Project Genie” layihəsinə təqdim olundu. Layihə “Genie 3” modelini istifadəçi interfeysinə inteqrasiya edərək süni intellekt texnologiyalarının yaradıcı tətbiqləri üçün yeni imkanlar nümayiş etdirdi.
        Film Craft Lions
        Bu kateqoriyada 1433 müraciətin yalnız 43-ü “Şir” qazandı. Qran-pri “Coinbase” üçün hazırlanmış “Your Way Out” filminə verildi. “Isle of Any New York” tərəfindən hazırlanan iş videooyun estetikasından istifadə edərək müasir maliyyə sistemi haqqında fərqli baxış təqdim edib və xüsusilə rejissorluq həllinə görə seçilib.
        Industry Craft Lions
        649 müraciətin içindən 18 layihə mükafata layiq görüldü. Qran-pri “De’Longhi” üçün hazırlanmış “Tiny Coffee Shops” kampaniyasına təqdim edildi. “LOLA Madrid” tərəfindən ərsəyə gətirilən layihədə məşhur qəhvə maşınları miniatür kafelərə çevrilərək evdə qəhvə hazırlama təcrübəsinə yeni emosional dəyər qazandırılıb.
        “Cannes Lions 2026” davam edir. Festivalın növbəti günlərində təqdim olunacaq qaliblər və diqqətçəkən işlərlə tanış olmaq üçün bizi izləməyə davam edin.
    Paylaş