main-post-cover

    Huawei HarmonyOS 3 əməliyyat sistemini təqdim edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    28.07.2022
    Farid Pardashunas
        Huawei rəsmi şəkildə HarmonyOS 3.0 əməliyyat sistemini təqdim edib. HarmonyOS-in təqdim edilmiş yeni versiyası elə də böyük miqyasa sahib deyil və özündə bəzi vizual dəyişikliklər ilə artıq mövcud olan funksiyaların yaxşılaşdırılmış versiyalarını birləşdirir. Bundan əlavə olaraq Huawei şirkətinin müəyyən cihazlarına sahib istifadəçilər HarmonyOS 3.0-ın beta testində artıq iştirak edə bilərlər. Beləliklə HarmonyOS 3.0-da hansı yeniliklər var? Sözügedən əməliyyat sistemində mövcud olan Super Device adlı funksiya çoxlu sayda intellektual cihazın dəstəyini əldə edib və beləliklə daha çox smartfon ilə planşet modelində aktiv olacaq. Bu funksiya vasitəsilə cihazları sürətli şəkildə bir-birinə qoşmaq mümkündür. Bu halda cihazlar genişmiqyaslı vahid ekosistemə qoşulurlar.
        HarmonyOS vasitəsilə çalışan smart televizorlarda pult vasitəsilə televizorlardakı səsgücləndiricilər, xarici səsgücləndiricilər və ya naqilsiz qulaqlıqlar arasında sürətli keçidin reallaşdırılması imkanı istifadəyə verilib. HarmonyOS vasitəsilə çalışan smart saatlar isə müxtəlif idman təchizatı ilə sinxronlaşdırıla bilər. Bundan əlavə olaraq avtomobillərdəki ekranlara smartfondakı bütün işlək ekranları köçürtmək olar. Bu öz növbəsində avtomobil ekranında istənilən lazımi tətbiqin istifadəsi imkanını təqdim edir. Smartfon və planşetlərdə vidjetləri qruplaşmalarda birləşdirmək olar. Yəni vidjetlər ayrıca qrup şəklində mövcud ola bilərlər. Bundan əlavə olaraq cihazda yaradılan qovluqların ölçülərini və hətta formalarını da dəyişmək mümkündür. HarmonyOS 3.0-da olan daha bir yenilik tətbiqlərin ikon rəngləri, kateqoriya və ya funksiyalar üzrə smart çeşidlənməsidir.
        Həmçinin istifadəçilər HarmonyOS 3.0 daxilində özlərinin 3D avatarlarını yarada və onları insanlarla ünsiyyətdə istifadə edə bilərlər. Əlavə olaraq qeyd etmək lazımdır ki, tərtibatçılar HarmonyOS 3.0-ın optimizasiyasına əlavə diqqət ayırıblar. Belə ki, yeni əməliyyat sistemi cihazın texniki tərəfini çox yükləmir və daha axıcı çalışır. Android 12-də olduğu kimi HarmonyOS 3.0 də öz ayarlarında konfidensiallıq mərkəzini əldə edib. Sözügedən bölmə əlavə təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulub. İstifadəçi bu bölmə vasitəsilə hansı tətbiqlərin cihazın kamerasından və ya mikrofonundan istifadə etdiyini təyin edə biləcəklər.  HarmonyOS 3.0-ın ilk beta versiyası Huawei P50 Mate 40 flaqman smartfon seriyalarında artıq aktivdir. Yeni əməliyyat sistemini həmçinin 2021-ci ildə satışa çıxmış Huawei MatePad Pro 12.6 planşetinin istifadəçiləri də nəzərdən keçirdə bilərlər. Əməliyyat sisteminin yeni versiyasının beta testi hələ ki, Çində aktivdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər