main-post-cover

    iOS 16 saxta AirPods qulaqlıqlarını təyin edə biləcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    11.09.2022
    Emil Nəcəfov
        Artıq bugün iPhone istifadəçiləri üçün iOS 16 əməliyyat sisteminin stabil versiyası istifadəyə verilir. Yeni iOS versiyasında istifadəçiləri bəzi yeni funksiyalar gözləyir. Onlardan biri isə artıq məlum olub. 9to5Mac saytının mütəxəssisləri yeni funksiyanı iOS 16-nın final versiyasının kodunda aşkar ediblər və aşkar edilmiş funksiya saxta AirPods modelləri ilə əlaqəlidir. Son illər ərzində saxta AirPods istehsalçıları öz bacarıqlarını üst səviyyəyə yüksəldiblər. Belə ki, saxta AirPods modellərini orijinal modellərdən fərqləndirmək olmur.
        Bununla yanaşı saxta qulaqlıqlar həmçinin orijinal qulaqlıqların bəzi sistem funksiyalarını da özlərində birləşdirirlər. Buna misal olaraq Apple məhsullarına avtomatik qoşulmanı gətirmək olar. iOS 16-nın istifadəyə verilməsi ilə isə bu vəziyyət dəyişə bilər. Belə ki, yeni əməliyyat sistemi istifadəçini istifadə olunan AirPods qulaqlıqlarının orijinal olmadığı barəsində xəbərdarlıq edə biləcək. Əgər istifadəçi saxta AirPods modelindən istifadə edirsə, iOS 16 ona bu cür bildirişi təqdim edəcək:
        “Bu qulaqlıqlar orijinal AirPods kimi etiketlənmiyiblər və bu səbəbdən də onlar gözlənildiyi kimi çalışmaya bilərlər”. Sözügedən bildiriş istifadəçinin saxta AirPods modelini iPhone və ya iPad-ə qoşmaq istədiyi zaman ortaya çıxacaq. Sözügedən bildirişin əks olunduğu pəncərədə More düyməsinə klikləməklə istifadəçi Apple şirkətinin saytına daxil olacaq və ona orijinal AirPods-un necə təyin edilməsi barəsində məlumat təqdim ediləcək. Bununla belə bu cür saxta AirPods modellərinin bloklanmasından söhbət getmir. Bu cür yeni funksiya istifadəçilərə aksesuarın alışı zamanı onun orijinal olub-olmadığını təyin etməyə imkan verəcək. Bu, əsasən ikinci əl satışlar zamanı çox faydalı olacaq.
    Linki kopyala