Logo
    main-post-cover

    70 000 Discord istifadəçisinin şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlər sızdırılıb

         Discord platforması bildirib ki, texniki dəstək xidməti göstərən üçüncü tərəf provayderinin sisteminə edilmiş kiberhücum nəticəsində təxminən 70 000-ə yaxın istifadəçinin şəxsi məlumatları, o cümlədən şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlərin fotoları sızdırıla bilərdi. Hadisə şirkətin yaş təsdiqi müraciətlərini emal etmək üçün istifadə etdiyi Zendesk sistemində baş verib. Discord nümayəndəsi Nu Wexler bildirib ki, guya 2.1 milyon foto və 1.5 terabayt məlumatın sızması barədə xəbərlər həqiqətə uyğun deyil və bu iddialar kibercinayətkarlar tərəfindən şantaj məqsədilə istifadə olunur. Onun sözlərinə görə, məsələ Discord platformasının özünün sındırılması ilə bağlı deyil, texniki dəstək xidmətləri göstərən üçüncü tərəf provayderinin sisteminin komprometasiya olunması ilə əlaqədardır.
         Şirkət dünyada zərərçəkmiş hesablar arasında təxminən 70 000 istifadəçini müəyyən edib - onların rəsmi şəxsiyyət vəsiqələrinin şəkilləri açıqlanmış ola bilər. Bu görüntülər provayder tərəfindən yaş təsdiqi ilə bağlı müraciətlərin baxılması üçün istifadə olunurdu. Wexler vurğulayıb ki, Discord tələb olunan pulu ödəmək niyyətində deyil və artıq həmin provayderlə əməkdaşlığı dayandırıb. Şirkət hazırda hüquq-mühafizə orqanları, məlumatların qorunması üzrə tənzimləyici qurumlar və kiber­təhlükəsizlik sahəsində xarici ekspertlərlə birgə işləyir. Bundan əlavə, ötən həftə platforma bildirib ki, hadisə zamanı bəzi istifadəçilərin adları, giriş məlumatları, e-poçt ünvanları, kredit kartı nömrələrinin son 4 rəqəmi və IP ünvanları da sızdırıla bilərdi. Problemdən təsirlənmiş bütün istifadəçilərə bu barədə bildiriş göndərilib.
    Paylaş