
ABŞ dövlət strukturunda istifadə olunan TeleMessage tətbiqi kiberhücuma məruz qalıb
Təhlükəsizlik
06.05.2025
Emil
Naməlum haker Signal, Telegram və WhatsApp kimi mesajlaşma xidmətləri üçün qorunan əlavə tətbiq olan TeleMessage-daki bir zəiflikdən istifadə edərək, bu alətdən istifadə edən amerikalı vəzifəli şəxslər və şirkətlərlə bağlı yazışma tarixçəsini və digər məlumatları oğurlamağa nail olub. Bu barədə 404 Media resursu məlumat verib. Tətbiq diqqət mərkəzinə ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşavirinin ehtiyatsızlıq nəticəsində Signal messencerində amerikalı jurnalistə məxfi məlumatlara çıxış imkanı verməsindən sonra düşüb. İsrail şirkəti TeleMessage müştərilərinə şifrələnmiş tətbiqlərdən, o cümlədən səsli qeydlərdən gələn mesajları arxivləmək imkanı təqdim edir.

Məlumata əsasən ABŞ hökumətindəki məmurların və digər rəsmi şəxslərin mesajları sızdırılmayıb. Lakin kibercinayətkar digər məlumatları ələ keçirməyə nail olub: Vəzifəli şəxslərin kontaktları, TeleMessage server hissəsinə daxil olmaq üçün istifadəçi məlumatları və s. ABŞ Gömrük və Sərhəd Xidməti, kriptovalyuta birjası Coinbase və o cümlədən Scotiabank da daxil olmaqla kredit təşkilatlarına aid məlumatlar oğurlanıb. TeleMessage tərəfindən təklif olunan modifikasiya edilmiş Signal versiyasında yazışmaların arxiv jurnalları end-to-end şifrələmə ilə qorunmur.

TeleMessage şirkətinə sahib olan Smarsh isə bildirib ki, həmin xidmətlərin fəaliyyəti dayandırılıb. “Hücumun aşkar edilməsindən sonra dərhal reaksiyamız oldu, onu dayandırmaq üçün operativ tədbirlər gördük və araşdırmamıza dəstək vermək məqsədilə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış üçüncü tərəf şirkəti cəlb etdik. Ehtiyat tədbiri olaraq TeleMessage xidmətlərinin hamısı müvəqqəti olaraq dayandırılıb. Smarsh-ın digər məhsul və xidmətləri isə tam funksional olaraq qalır” - deyə Smarsh şirkəti bildirib. Araşdırmada əsas diqqət Coinbase ilə bağlı hadisəyə yönəlib, lakin kriptobirjanın rəhbərliyi bildirib ki, onların əməkdaşları mesencer vasitəsilə şifrələr, kod sözləri və hesab girişinə lazım olan digər məlumatları paylaşmayıblar.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
