
Avropa Birliyində istifadəçi çatlarının skan qanunu yenidən təklif edilib
Təhlükəsizlik
20.08.2025
Emil
Avropa Birliyində sədrliyə başlayan Danimarka ilk addım olaraq “Chat Control” adlı qanun layihəsini yenidən təqdim edib. Ölkənin baş naziri Mette Frederiksen oktyabrın ortalarınadək bu qanunun qəbul olunması üçün bütün imkanları səfərbər etmək niyyətindədir. Nəticədə messencerlərdəki şifrələmə - hətta end-to-end şifrələmə belə - mənasız hala gələcək. Formal olaraq təşəbbüs uşaqlara qarşı zorakılıq materiallarının yayılması ilə mübarizəyə yönəlib. Lakin bu nəcib məqsədin arxasında şübhəli vasitələr gizlənir: qanun region ərazisindəki bütün şəxsi yazışmaların, o cümlədən end-to-end şifrələmə ilə qorunan tətbiqlərdəki mesajların avtomatik skan edilməsini nəzərdə tutur. Bəzi rəylərə görə, bu, şəxsi həyatın toxunulmazlığına, ölkələrin milli suverenliyinə və sanki elə Avropa Birliyinin özünün əsas prinsiplərinə təhlükə yaradır. Qanun layihəsi ilk dəfə hələ 2022-ci ilin may ayında təqdim olunmuşdu.

Əgər o, qəbul olunarsa, WhatsApp, Signal və Telegram da daxil olmaqla məşhur ani mesajlaşma xidmətləri mətnləri, şəkilləri və videoları uşaqlara qarşı zorakılıq materiallarının olub-olmamasına görə yoxlamağa məcbur ediləcək və platformadakı şifrələmə qanunun tələblərinə məhəl qoymamaq üçün səbəb sayılmayacaq. Tədbirlər hər hansı qanunsuz fəaliyyət şübhəsi olub-olmamasından asılı olmayaraq bütün vətəndaşlara tətbiq ediləcək. Bu qanun layihəsini həm Kopenhagen, həm də Avropa Komissiyası dəstəkləyir. Xanım Frederiksen isə Avropa Birliyi Şurasının yeni sədri kimi təşəbbüsü gündəliyinin əsas prioritetinə çevirib. Təşəbbüsün əsasında materialların müştəri tərəfində, yəni istifadəçinin cihazında, şifrələmə və göndərilmədən əvvəl skan olunması mexanizmi dayanır. Hazırkı məqamda Avropa Birliyinin 19 ölkəsi qanun layihəsini dəstəklədiyini bildirib.

Almaniya isə hələlik belə bir öhdəlik götürməyib, əgər götürsə, qanun layihəsi əhalinin 65%-ni təmsil edən 15 ölkə tərəfindən dəstəklənəcək və kifayət qədər səs çoxluğu olduqda oktyabrın ortalarınadək həqiqətən də qəbul ediləcək. Sentyabrın 12-dək şuranın işçi qrupları mövqeləri tam razılaşdırmağı planlaşdırırlar. Hüquq müdafiəçiləri həyəcan təbili çalırlar. Onların fikrincə, müştəri tərəfində materialların skan edilməsi mexanizmi “Avropa Birliyinin İnsan Haqları Xartiyası”nı, xüsusən də şəxsi yazışma və şəxsi məlumat hüququnu təmin edən 7-ci və 8-ci maddələri pozur. Avropa İnsan Haqları Məhkəməsi artıq şifrələməni zəiflətməyə yönəlmiş tədbirlərə qarşı qərar çıxarıb, lakin Danimarka tərəfindən təqdim edilən təşəbbüs müzakirə olunmağa davam edir. Bununla da həm məhkəmə qərarı, həm də rəqəmsal kommunikasiyaların tənzimlənməsinin ayrı-ayrı ölkələr səviyyəsində həyata keçirilməli olduğunu nəzərdə tutan subsidiarlıq prinsipi nəzərə alınmır.

Təşəbbüs bütün dünya miqyasında nəticələrə səbəb ola bilər, digər region və ölkələrin hakimiyyətlərini oxşar normaları qəbul etməyə təşviq edə bilər. Hüquq müdafiəçilərinin fikrincə, materialların lokal skan edilməsi ilə bağlı tezis tənqidə davam gətirmir - şəxsi yazışmalar dövlətin nəzarətinə açıq olur, üstəlik, bundan hakerlər və ya dost olmayan dövlətlərin nümayəndələrinin faydalana biləcəkləri boşluqlar yaranır. Ehtimal olunur ki, gələcəkdə vətəndaşların cihazlarında kontentin skan edilməsinə əsas olan səbəblər uşaqlara qarşı zorakılıq materiallarından kənara çıxa bilər. Maraqlıdır ki, Avropolun məlumatına görə, mürəkkəb cinayətkarlar gizli və tənzimlənməyən platformalardan istifadə edirlər və onların halında Avropa Birliyinin təklif etdiyi skan mexanizmləri effektiv olmur. Məxfilik yönümlü etibarlı messencer Signal isə şifrələmədən imtina etməmək üçün Avropa bazarını tərk etməklə hədələyib - nəticədə yerli istifadəçilər daha az təhlükəsiz alternativlərə keçə bilərlər və bu da Avropanın rəqəmsal iqtisadiyyatına zərər vura bilər.
Paylaş