Logo
    main-post-cover

    Dələduzlar Pavel Durov-un vəziyyətindən istifadə edərək insanlardan pul əldə etməyə çalışırlar

    Təhlükəsizlik
    28.08.2024
    Emil
         Kaspersky şirkətinin vermiş olduğu məlumata əsasən Pavel Durov-un keçən həftənin sonunda Paris hava limanında Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra bu xəbərin fonunda istifadəçilərdən pul vəsaitlərini əldə etmək istəyən dələduzların aktivlikləri artıb. Məlumata əsasən dələduzlar elektron poçt vasitəsilə göndərilən ingilis dilli spam məktublarda özlərini insan haqları təşkilatları kimi qələmə verərək istifadəçiləri Pavel Durov-un azadlığa buraxılmasında iştirak etməyə çağırışlar edirlər.
        Bunun üçün istifadəçilərə Durov-un hüquqi müdafiəsinin təmin olunmasına istiqamətlənmiş elektron portmanatlardan birinə kriptovalyutaların (BTC, ETH və TRX) göndərilməsi təklif edilir. Kibertəhlükəsizlik üzrə mütəxəssislərin sözlərinə əsasən istifadəçilərə göndərilən bu cür spam məktublarda dələduzlar olduqca kreativ davranırlar. Belə ki, elektron poçt servislərinin spam filtrlərindən yan keçmək yolunda onlar məktublardakı ifadələri dəyişirlər, təkrarlanmalara yol vermirlər və “donate”, “raise” kimi sözlər əvəzinə “help” və “support” sözlərindən istifadə edirlər.
         Bununla yanaşı onlar hər yeni məktubda Durov-a yardım üçün nəzərdə tutulmuş vəsaitin yığılmasını təşkil edən təşkilatın adını dəyişirlər. Mütəxəssislərin sözlərinə əsasən dələduzlar dünyadakı vəziyyətə sürətlə reaksiya verirlər. Qeyd edilmiş bu dələduzluq sxemi Durov-un Fransada saxlanılması ilə bağlı ilk xəbərlərin ortaya çıxmalarından sonrakı gün artıq dələduzlar tərəfindən aktiv şəkildə istifadə edilməyə başladı.
    Paylaş