
Hakerlər bəzi Discord istifadəçilərinin məlumatlarını oğurlayıblar
Təhlükəsizlik
06.10.2025
Emil
Discord platforması bəzi istifadəçilərin məlumatlarının sızması barədə məlumat yayıb. Hadisə, şirkətin platformada məzmun moderasiyası və texniki dəstək xidmətləri göstərən tərəfdaşlarından birinə edilmiş haker hücumu nəticəsində baş verib. Discord-un açıqlamasında bildirilir ki, texniki dəstək xidmətləri göstərən üçüncü tərəf təchizatçılardan biri “icazəsiz tərəf” tərəfindən sındırılıb. Cinayətkarlar dəstək xidməti və ya Trust & Safety komandaları vasitəsilə Discord-a müraciət edən məhdud sayda istifadəçinin məlumatlarına çıxış əldə ediblər. Açıqlamada həmçinin qeyd olunur ki, hücum edənlər Discord-dan maliyyə baxımından fidyə tələb etməyə cəhd göstəriblər. Bununla belə, xüsusi vurğulanır ki, hücum edənlər Discord-un sistemlərinə çıxış əldə edə bilməyiblər.

Məlumatlara gəldikdə, kibercinayətkarların əldə etdikləri məlumatlara istifadəçilərin tam adları, elektron poçt ünvanları və bank kartı nömrələrinin son 4 rəqəmi daxildir. Bununla yanaşı, “icazəsiz tərəf” Discord-da yaş təsdiqi zamanı istifadəçilər tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsi şəkillərinin az miqdarına da çıxış əldə edib. Şirkətin məlumatına görə, istifadəçilərin tam bank kartı nömrələri və şifrələri kibercinayətkarların əlinə keçməyib. Hazırda Discord hadisədən təsirlənmiş istifadəçilərə elektron poçt vasitəsilə bildiriş göndərir. Əgər şəxsiyyət vəsiqəsi şəkli cinayətkarların əlinə keçmiş ola bilərsə, şirkət bu barədə ayrıca məlumat verəcək. Bundan əlavə, Discord hücuma məruz qalmış texniki dəstək xidmətləri təchizatçısının öz sistemlərinə çıxışını ləğv edib, tənzimləyici orqanları məlumatlandırıb və üçüncü tərəf podratçılarla əməkdaşlıqda istifadə olunan təhlükə aşkarlama və təhlükəsizlik sistemlərini yoxlayıb.
Paylaş