
iPhone istifadəçiləri internet dələduzlarına daha tez aldanırlar
Təhlükəsizlik
01.08.2025
Emil
Kibertəhlükəsizlik sahəsində ixtisaslaşan Malwarebytes şirkəti genişmiqyaslı bir araşdırma aparıb və məlum olub ki, iPhone istifadəçiləri internetdə özlərini daha düşüncəsiz aparır və fırıldaqçılara daha tez aldanırlar - bu, Android istifadəçiləri ilə müqayisədə daha yüksək faizlə müşahidə olunub. Araşdırmada ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya və İsveçrədən 1300-dən çox nəfər iştirak edib. Nəticələrə əsasən iPhone sahiblərinin 53%-i onlayn fırıldaqçılığın qurbanı olduqlarını etiraf edib, Android istifadəçiləri arasında bu göstərici 48%-dir. Davranış risklərinə gəldikdə isə fərq daha da nəzərəçarpandır.

iPhone istifadəçilərinin 47%-i yalnız aşağı qiymətə görə tanımadıqları saytlardan alış-veriş edib, Android istifadəçilərində bu rəqəm 40% təşkil edir. Bundan əlavə iPhone istifadəçilərinin 41%-i endirim kodu almaq üçün sosial şəbəkələrdə satıcılara şəxsi mesaj yazıb, Android sahiblərində bu cəmi 33% olub. Ən diqqətçəkən fərqlərdən biri də təhlükəsizlik tədbirləri ilə bağlıdır. Yalnız 21% iPhone istifadəçisi smartfonuna əlavə antivirus proqramı quraşdırmağa qərar verib, Android istifadəçiləri arasında bu göstərici 29%-dir.
Əsas təhlükəsizlik tədbirlərinə gəldikdə - məsələn, unikal şifrələrdən istifadə - bu sahədə də iPhone sahibləri geridə qalır: cəmi 35 % iPhone istifadəçisi müxtəlif hesablar üçün fərqli şifrələrdən istifadə etdiyini bildirib, Android istifadəçiləri arasında isə bu göstərici 41% təşkil edir. Malwarebytes hesab edir ki, problem cihazların özündə deyil, Apple brendinin istifadəçilərdə yaratdığı həddindən artıq güvən hissəsindədir. Araşdırmaya əsasən, iPhone sahiblərinin 55%-i öz smartfonlarını təhdidlərə qarşı toxunulmaz hesab edir. Tədqiqatçılar üçün əsas nəticə budur: təhlükəsizlik təkcə əməliyyat sistemindən yox, ilk növbədə istifadəçinin davranışından asılıdır.
Paylaş