
İstifadəçilərin Grok ilə dialoqları müxtəlif axtarış sistemlərində ortaya çıxıb
Təhlükəsizlik
21.08.2025
Emil
Minlərlə istifadəçinin Elon Musk-ın xAI şirkətinə məxsus Grok çat-botu ilə dialoqları axtarış sistemləri vasitəsilə əlçatan olub. Hər dəfə Grok istifadəçisi çat-botla söhbətdə “Share” düyməsini kliklədikdə unikal URL ünvanı yaradılır və onu elektron poçtla, SMS vasitəsilə və ya sosial şəbəkələrdə paylaşmaq mümkündür. Bu şəxsi dialoqlara aid URL-lər Google, Bing və DuckDuckGo axtarış robotları tərəfindən indekslənə və qlobal şəbəkənin axtarış nəticələrində görünə bilər. İctimai URL-lərin yaradılmasına imkan verən funksiya bir müddət əvvəl Meta və OpenAI şirkətlərinin çat-bot istifadəçilərinə də təsir etmişdi.

Grok halında isə bu, təhlükəli məzmunlu dialoqların sızmasına gətirib çıxarıb - onların arasında kriptovalyuta portmanatlarının sındırılması ilə bağlı sorğular, fərdiləşdirilmiş süni intellekt personajları ilə açıq söhbətlər və qadağan olunmuş preparatların sintezi üzrə təlimat istəkləri də olub. xAI xidmətinin istifadə qaydalarında açıq şəkildə çat-botdan insan həyatına kritik dərəcədə zərər verən fəaliyyətləri” təşviq etmək, eləcə də bioloji, kimyəvi və ya kütləvi qırğın silahı hazırlamaq qadağan edilsə də, bu, istifadəçilərə Grok-a müvafiq sorğular göndərməyə mane olmayıb.
Google vasitəsilə açıq əlçatan olmuş dialoqların təhlilinə görə, bot qadağan olunmuş preparatların hazırlanması üçün addım-addım təlimatlar təqdim edib, intihar üsullarını sadalayıb, partlayıcı qurğuların yaradılması barədə məsləhətlər verib və hətta Elon Musk-ın qətlinə dair ətraflı plan da formalaşdırıb. xAI nümayəndələri hələ ki, bu məsələyə fikir bildirməyiblər, həmçinin Grok dialoqlarına aid linklərin axtarış sistemləri tərəfindən nə vaxtdan indeksləşdirilməyə başladığını da dəqiqləşdirməyiblər. Xatırladaq ki, ötən ayın sonunda ChatGPT istifadəçiləri oxşar vəziyyət barədə məlumat vermişdilər - onların yazışmaları da Google-un axtarış nəticələrində görünürdü və OpenAI buna “qısamüddətli təcrübə” adını vermişdi.
Paylaş