
Jaguar Land Rover nşirkətinə edilmiş kiberhücum şirkətin avtomobil istehsalatını dayandırıb
Təhlükəsizlik
03.09.2025
Emil
Jaguar Land Rover (JLR) şirkəti bildirib ki, baş vermiş sızma şirkətin pərakəndə və istehsal fəaliyyətini ciddi şəkildə pozub. Hindistana məxsus Tata Motors-a aid olan JLR öz informasiya sistemlərini söndürməyə məcbur qalıb. Şirkətin saytında “Hazırda qlobal tətbiqlərimizin idarə olunan şəkildə yenidən işə salınması üzərində çalışırıq” qeyd olunub. Şirkət nümayəndəsinin sözlərinə görə, müştərilərin şəxsi məlumatlarının oğurlanmasına dair əlamətlər mövcud deyil. Sentyabrın 1-də, ötən il təxminən 400 000 avtomobil satmış JLR istehsalatda nasazlıq yaradaraq şirkəti informasiya sistemlərini söndürməyə vadar edən kiberhücum barədə məlumat yayıb. Hələlik şirkət hücumun vektoru və vurulan zərərin miqyası barədə detallı açıqlama verməyib. JLR-in kiberhücumla bağlı rəsmi açıqlaması belədir: “JLR şirkəti kiberhücumdan zərər çəkib.

Biz onun nəticələrini yumşaltmaq üçün dərhal tədbirlər gördük və sistemlərimizi vaxtında söndürdük. Hazırda qlobal tətbiqlərimizin idarə olunan şəkildə yenidən işə salınması üzərində çalışırıq. Bu ana qədər müştəri məlumatlarının oğurlanmasına dair heç bir sübut yoxdur, lakin bizim pərakəndə və istehsal fəaliyyətimiz ciddi şəkildə pozulub”. JLR-in informasiya infrastrukturunun sızması şirkətə üz verən bir sıra problemlərin daha bir halına çevrilib. Daha əvvəl JLR ABŞ-da idxal rüsumlarının kəskin şəkildə artırılması nəticəsində mənfəətin ciddi azalması ilə üzləşmişdi. Böyük Britaniya ABŞ-a 100 000 britaniya avtomobilinin 10%-lik rüsumla idxalına icazə verən razılaşma əldə edib, lakin bu əvvəlki 2.5%-lik dərəcədən 4 dəfə yüksəkdir. JLR-in imici Jaguar-ın gənc auditoriyaya yönəldiyi iddia edilən mübahisəli rebrendinq təqdimatından sonra zərər gördü.

Reklam tizeri parlaq rənglərə və podium geyimlərində qəribə modellərə görə, amma avtomobillərin olmaması səbəbindən kütləvi tənqidə məruz qaldı. Bu transformasiyanın davamı olaraq Jaguar özünün yırtıcı pişik təsvirli loqosundan da imtina etdi. Gələn il tamamilə elektrikli yeni avtomobil xəttinin satışa çıxarılması gözlənilir, lakin onların kiməsə lazım olub-olmayacağı hələlik məlum deyil. Bütün bu çətinliklər fonunda Tata Motors JLR üzərində nəzarəti gücləndirir. Noyabr ayında şirkətin maliyyə direktoru PB Balaji Jaguar Land Rover-in baş direktor vəzifəsini tutacaq. Bu il Britaniya şirkətlərinə edilən kiberhücumların sayı kəskin şəkildə artıb. Marks & Spencer pərakəndə şəbəkəsi sızmadan sonra fəaliyyətini tam bərpa etmək üçün 4 ay vaxt sərf etməli olub. Co-Op supermarketlər şəbəkəsi apreldə məlumat sızmasından zərər çəkib, bu yaxınlarda isə Harrods lüks univermağı hücuma məruz qalıb.
Paylaş