
Meta qadağaya baxmayaraq gizli şəkildə iPhone istifadəçilərinin məlumatlarını yığıb
Təhlükəsizlik
22.08.2025
Emil
Meta reklamların effektivliyi göstəricilərini demək olar ki, 20% şişirdib və gəlirlərini artırmaq məqsədilə Apple-ın iPhone ilə bağlı məxfilik siyasətini qəsdən pozub. Bu barədə əmək mübahisələri üzrə məhkəmədə Meta-nın keçmiş məhsul meneceri Samujjal Purkayastha ifadə verib. Ən böyük sosial şəbəkələrə sahib olan Meta şirkəti, reklamverənləri Shops Ads xidmətinin maliyyə göstəriciləri ilə bağlı aldadmaqda ittiham olunub. Bu xidmət 2022-ci ildə istifadəyə verilib və şirkətlərə Facebook və Instagram-da rəqəmsal vitrini yerləşdirməyə imkan yaradıb. Meta məlumatları saxtalaşdıraraq, təmiz satışları deyil, ümumi satışları təqdim edib. Onun yanaşması həm ticarətlə bağlı olmayan reklamların effektivliyini hesablamağın standart sxemindən, hansı ki, orada çatdırılma xərcləri və vergilər nəzərə alınmır, həm də Google-un tətbiq etdiyi metodikadan fərqlənirdi.

Keçmiş əməkdaşın versiyasına görə, Meta rəhbərliyi bu uyğunsuzluqdan xəbərdar olub, amma reklam verənlərə açıqlamayıb. Nəticədə Shops Ads-in effektivliyi 17-19 % həddində şişirdilmiş şəkildə təqdim olunub. Bundan əlavə, Meta istifadəçilərin fəaliyyətini izləmək üçün onların məlumatlarını icazəsiz şəkildə digər informasiyalarla birləşdirib. Halbuki Apple 2021-ci ildə yeni məxfilik siyasəti tətbiq etmişdi və bu cür əməliyyatlar üçün cihaz sahiblərindən açıq razılıq alınmasını tələb edirdi. Bu ittihamları Purkayastha Londonda məhkəmədə baxılan əmək mübahisəsi çərçivəsində irəli sürüb və Meta-da əməkdaş statusuna bərpa olunması barədə vəsatət qaldırıb. O, ədalətsiz işdən çıxarılma iddiasına baxılana qədər şirkətə qaytarılmasını tələb edib. Keçmiş əməkdaş əmindir ki, onu dəfələrlə bu cür təcrübə ilə bağlı narahatlığını şirkət daxilində dilə gətirdikdən sonra işdən azad ediblər.

Hakim bildirib ki, iş mahiyyətcə təmin oluna bilər, lakin vəsatət rədd edilib. Çünki onu şəxsi səbəblərə görə və ya kütləvi ixtisar proqramı çərçivəsində işdən çıxarmış ola bilərlər. Meta tərəfi açıqlayıb ki, şirkət Purkayastha-ya qarşı qisas xarakterli addımlar atmaqda maraqlı deyil və onun toxunduğu mövzular adi kommersiya məsələləridir, hansı ki, heç bir qanun pozuntusuna və ya hüquqi öhdəliklərin pozulmasına dəlalət etmir. Şirkətin digər nümayəndəsi isə bildirib ki, qiymətlər barədə məlumatları reklamverənlərin özləri təqdim ediblər və sosial şəbəkələrin administrasiyası həmin məbləğlərə çatdırılma və vergilərin daxil edilib-edilmədiyini bilmirdi. Bundan əvvəl də Meta-ya qarşı məhkəmə iddiası qaldırılmışdı. Həmin iddiada şirkət reklamın potensial auditoriyasının ölçüsünü əks etdirən Potential Reach göstəricisini şişirtməkdə ittiham olunmuşdu.

Purkayastha həqiqətən də Meta əməkdaşlarının 5%-i ilə birlikdə ixtisara salınıb. Bu qərar şirkətin rəhbəri Mark Zuckerberg qeyri-effektiv işçilərlə yollarını ayırmaq niyyətini elan etdikdə verilmişdi. Meta iddiaçının işdən çıxarılmasını onun məhsuldarlığının azalması, özündə üzə çıxmağa başlayan zəif tərəfləri, həmçinin sağlamlıq problemləri və şəxsi xarakterli çətinliklərlə izah edib. İddiaçının vəkili isə sağlamlıq və şəxsi problemlərlə bağlı motivləri işdən çıxarmaq üçün kifayət qədər əsaslı saymayıb. Meta Shops Ads vasitəsilə istifadəçilər haqqında əlavə məlumatları toplamağa Apple-ın App Tracking Transparency (ATT) funksiyasını təqdim etməsindən sonra da davam edib. Bu funksiya iPhone sahibləri haqqında məlumatların onların açıq razılığı olmadan toplanmasını qadağan edir.

Cihaz sahiblərinin əksəriyyəti belə razılıq verməkdən imtina etdilər və bu da hədəflənmiş reklamın göstərilməsi imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Şirkətin hesablamalarına görə, 2022-ci ildə bu, onun reklam gəlirlərini 10 milyard dollar azalda bilərdi. Nəticədə Meta Shops Ads-i daha çox irəli çəkməkdə və bu xidmətin effektivlik göstəricilərini şişirtməkdə maraqlı olub - Purkayastha belə bildirib. Şirkət həmçinin reklamverənlərə bu xidmətin subsidiyalaşdırıldığını açıqlamayıb - iddiaçının sözlərinə görə, Zuckerberg şəxsən test dövründə reklamların pulsuz yerləşdirilməsini maliyyələşdirmək üçün 160 milyon dollarlıq büdcəni təsdiqləyib və bu da xidmətin effektivliyinin daha da şişirdilməsinə səbəb olub.
Subsidiyalar məsələsi Meta əməkdaşlarına yaxşı məlum idi və hətta məlumat mərkəzində də qeyd olunmuşdu. İstifadəçilərin mümkün aktivliyini proqnozlaşdırmaq üçün şirkət machine learning alqoritmlərindən istifadə etməyə çalışıb, lakin onlar Apple-ın yeni məxfilik siyasəti qüvvəyə mindikdən sonra məlumatlara çıxışın məhdudlaşdırılması problemini həll edə bilməyiblər. Buna görə də Meta-nın qapalı və məxfi şöbəsi deterministik uyğunlaşdırma tətbiq edib. Yəni identifikasiyaedici məlumatların toplanması və sonradan onları Apple-ın məxfilik siyasətinə zidd olaraq bir neçə platformadakı məlumatları birləşdirmək üçün istifadəsi ilə məşğul olub.
Paylaş