
Steam istifadəçilərinin məlumatlarının sızdırılması məlumatı rəsmi şəkildə təkzib edilib
Təhlükəsizlik
15.05.2025
Emil
Valve şirkəti özünə məxsus olan Steam platformasının 89 milyon istifadəçisinin hesabına aid məlumatların sızması ilə bağlı son xəbərləri rəsmi açıqlama ilə şərh edib. Xatırladaq ki, bu barədə xəbər dünən ortaya çıxdı və Machine1337 (digər adı ilə EnergyWeaponsUser) ləqəbli şəxs tərəfindən darknetdə satışa çıxarılmış məlumatlar arasında Steam-ə giriş üçün birdəfəlik kodlar göndərilmiş SMS-lər, eləcə də bu mesajların alıcılarının telefon nömrələri yer alırdı. Valve bildirib ki, bu məlumatlar əsasında istifadəçinin hesabını, şifrəsini, ödəniş məlumatlarını və digər şəxsi məlumatlarını yalnız telefon nömrəsinə əsasən müəyyən etmək mümkün deyil.

Rəsmi açıqlamada deyilib: “Köhnə SMS mesajları ilə sizin Steam hesabınızı sındırmaq mümkün deyil”. Valve mütəxəssisləri darknet-ə sızmış məlumatların bir hissəsini təhlil edərək belə qənaətə gəliblər ki, Steam sistemləri sındırılmayıb. Şirkət məlumat sızmasının mənbəyini hələ də araşdırır, lakin bunun müəyyənləşdirilməsi asan deyil. Valve izah edir ki, vəziyyəti çətinləşdirən əsas amillərdən biri SMS mesajlarının çatdırılma mexanizmidir. Bu mesajlar istifadəçinin telefonuna çatmazdan əvvəl şifrələnməmiş vəziyyətdə olur və bir neçə mobil operatorun şəbəkəsindən keçir.
Şirkət bildirib: “Bu hadisəyə görə şifrələrinizi və ya telefon nömrənizi dəyişməyə ehtiyac yoxdur. Ancaq bu, sizdən gəlməyən təhlükəsizlik bildirişlərinə ehtiyatla yanaşmalı olduğunuzu xatırladan yaxşı bir xəbərdarlıqdır”. Valve həmçinin tövsiyə edir ki, istifadəçilər bu link vasitəsilə Steam hesablarının təhlükəsizlik vəziyyətini mütəmadi olaraq yoxlasınlar və Steam Guard mobil autentifikatorunu aktivləşdirsinlər. Bu, hesabla bağlı qorunan bildirişlərin alınması üçün daha təhlükəsiz üsul təqdim edir.
Mənbə: Steam
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
