Logo
    Ukrayna Blysk lazeri ilə ilk dəfə Rusiyanın reaktiv dronunu vurub

    Ukrayna Blysk lazeri ilə ilk dəfə Rusiyanın reaktiv dronunu vurub

        Ukrayna qüvvələri Rusiyanın reaktiv mühərrikli hücum dronunu ilk dəfə lazerlə vurub. Dronu vurmaq üçün Ukraynanın müdafiə texnologiyaları şirkəti “Carmine Sky”ın hazırladığı “Blysk” lazer sistemindən istifadə olunub. Ukrayna Prezidenti Volodymyr Zelensky-nin müdafiə texnologiyaları üzrə müşaviri Serhii Beskrestnov hadisənin videosunu noyabrın 25-də “Telegram”da paylaşıb.
        “Blysk” sistemi noyabrın 19-da işə salınıb. Beskrestnovun sözlərinə görə, sistem hazırda adı açıqlanmayan vacib infrastruktur obyektini qorumaq üçün real şəraitdə sınaqdan keçirilir. Rusiya müharibədə reaktiv mühərrikli hücum dronlarından istifadə etməyə başlayıb. Vurulan dron Rusiyanın İranın “Shahed” modeli əsasında hazırladığı dronlardan biridir.
        Beskrestnovun fikrincə, bu ilk nəticəyə baxmayaraq, “Blysk” sisteminin seriyalı istehsalından danışmaq hələ tezdir. Ukraynada lazerlə hava müdafiəsi üzərində təkcə “Carmine Sky” işləmir. Müşavirin sözlərinə görə, hazırlanması çətin və böyük sərmayə tələb edən bu texnologiya üzərində ölkədə bir neçə şirkət işləyir.
        Bu cür sistemləri hazırlamaq baha başa gəlsə də, lazer atışına sərf olunan enerjinin dəyəri raket buraxmaqdan xeyli aşağı ola bilər. Məsələn, Böyük Britaniyanın “DragonFire” lazerində bir atış üçün sərf olunan enerjinin dəyəri təxminən 10 funt sterlinqdir (22 manat). “Blysk” sistemində bir atışın neçəyə başa gəldiyi isə açıqlanmayıb. Lazer sistemlərinin məqsədi hazırkı hava müdafiə vasitələrini əvəz etmək yox, onları tamamlamaqdır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...