Apple iPhone 18 seriyasını 10-20% bahalaşdıra bilər
Bazar araşdırmasına görə, “Apple” “iPhone 18 Pro” modelinin yaddaşı üçün ötənilki modellə müqayisədə 4 dəfə çox pul ödəyə bilər. 256 GB yaddaşlı Pro modelində bu xərcin 2026-cı ilin 3-cü rübündə illik müqayisədə təxminən 400% artacağı gözlənilir. Nəticədə “iPhone 18” seriyası 10% ilə 20% arasında bahalaşa bilər. Yeni qiymətlərin gələn həftə keçiriləcək sentyabr təqdimatında açıqlanması ehtimal olunur.
“Apple” iyunda əksər məhsullarında ciddi qiymət artımı elan etsə də, mövcud “iPhone” modellərinin qiymətini dəyişməmişdi. Şirkət həmin vaxt bahalaşmanı mümkün qədər gecikdirdiyini bildirmişdi. Lakin RAM (cihazın işlək yaddaşı) çatışmazlığı və avadanlıq xərclərinin artması səbəbindən başqa seçiminin qalmadığını açıqlamışdı. Telefonun digər hissələri üçün daha sərfəli qiymətlər razılaşdırılsa da, bu qənaətin ümumi istehsal xərclərini tarazlaşdıracağı gözlənilmir. Buna görə yeni modellərin əvvəlki qiymətdə qalması çətin görünür.
Şirkətin əlavə xərclərin hamısını alıcıların üzərinə qoyacağı gözlənilmir. Hazırkı proqnoza əsasən, “iPhone 18 Pro” əvvəlki “iPhone 17 Pro” modelindən təxminən 100 dollar (170 manat) baha ola bilər. “Apple” nəzərə alır ki, kəskin qiymət artımı alıcıların telefonlarını daha gec yeniləməsinə və zəif iqtisadi şəraitdə tələbin azalmasına səbəb ola bilər. Şirkət istehsal xərclərinin bir hissəsini xidmətlərdən əldə etdiyi gəlirlə qarşılamağı planlaşdırır.
Ən bahalı yeni modelin “Apple” şirkətinin ilk qatlanan telefonu olacağı gözlənilən “iPhone Ultra” ola biləcəyi bildirilir. Bəzi analitiklər onun qiymətinin 2000 dollar (3400 manat) ilə 2500 dollar (4250 manat) arasında olacağını düşünür. Bazar proqnozunda isə başlanğıc qiyməti üçün 2099 dollar (təxminən 3570 manat) ilə 2299 dollar (təxminən 3910 manat) aralığı göstərilir. Ən yüksək təchizatlı versiyanın qiyməti 3000 dolları (5100 manat) ötə bilər.
Qiymət artımına baxmayaraq, əsas “iPhone 18” modellərinin iş sürətində ciddi yüksəliş gözlənilmir. Yeniliklər daha güclü süni intellekt funksiyalarını işlədə bilən və daha az enerji sərf edən prosessorla məhdudlaşa bilər. Həmçinin çipin soyutma sistemi yaxşılaşdırıla, daha az enerji işlədən ekranlardan istifadə oluna bilər.
“iPhone 18 Pro” modelinin əsas kamerasında mexaniki dəyişən diafraqma yer ala bilər. Bu sistem müxtəlif işıq şəraitində şəklin nə qədər hissəsinin aydın görünməsini daha yaxşı tənzimləməyə imkan verir. Həmçinin parlaq və kölgəli hissələrdəki detalları daha yaxşı göstərməyə kömək edir.
Premium “iPhone 18” modellərinin daha böyük tutumlu batareyalarla gələcəyi də gözlənilir. Daha iri korpusa görə batareya tutumunda ən ciddi artım “iPhone 18 Pro Max” modelində ola bilər. Keçən il aparılan sınaqda “iPhone 17 Pro Max” 1 şarjla işləmə müddətinə görə ən yaxşı nəticəni göstərmişdi. Yeni modeldə batareya tutumunun artırılması istifadə müddətini daha da uzada bilər. Lakin dəqiq rəqəm hələ açıqlanmayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...