Apple TV strategiyasını dəyişir: məşhur klassik filmlər platformaya əlavə edildi
Apple TV daha çox “Ted Lasso”, “Silo” və “Severance” kimi öz istehsalı olan serial və filmlərlə tanınsa da, platforma bu dəfə fərqli addım ataraq təxminən 20 məşhur filmi abunəçilərinin istifadəsinə verib. Yeni əlavə edilən filmlər arasında “The Martian”, “E.T.”, “Titanic”, “Zodiac”, “Gone Girl”, “Arrival”, “The Sixth Sense”, “I, Robot” və “Mission: Impossible – Ghost Protocol” yer alır.
Bu filmlər əvvəllər əsasən Apple TV Store üzərindən ayrıca satın alınmalı və ya icarəyə götürülməli idi. İndi isə onlar “Just Added” bölməsinə daxil edilib və Apple TV abunəliyi olan istifadəçilər əlavə ödəniş etmədən filmləri izləyə bilərlər. Apple TV abunəliyinin qiyməti aylıq 12,99 dollar, illik isə 99 dollardır. Yeni istifadəçilər üçün 7 günlük pulsuz sınaq müddəti də mövcuddur. Apple bu filmlərin platformada nə qədər müddət qalacağını və klassik filmlərdən ibarət kataloqu niyə genişləndirdiyini açıqlamayıb. Ehtimal olunur ki, şirkət bununla istifadəçilərin platformada keçirdiyi vaxtı artırmaq, mövcud abunəçiləri saxlamaq və yeni istifadəçilər cəlb etmək istəyir.
Paylaş
