Apple Watch üçün Modular Ultra interfeysi sadələşdirilir
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple növbəti əməliyyat sistemi yeniləməsi olan watchOS 27 ilə birlikdə Apple Watch istifadəçiləri üçün yeni saat interfeysləri üzərində işləyir. Məlumata görə, şirkət xüsusilə Apple Watch Ultra üçün nəzərdə tutulmuş məşhur Modular Ultra interfeysini daha sadə formaya salaraq digər modellərə uyğunlaşdırmağı planlaşdırır.
Məlumat Mark Gurman tərəfindən Bloomberg-in “Power On” bülletenində paylaşılıb. Onun sözlərinə görə, Apple yeni versiyada istifadəçi təcrübəsini daha minimalist etmək üçün bəzi elementləri aradan qaldırır. Yenilənmiş Modular Ultra interfeysində əsas dəyişikliklərdən biri məlumat sıxlığının azaldılmasıdır. Belə ki, əvvəlki versiyada mərkəzdə yerləşən geniş məlumat bölməsi və saatın yuxarısındakı üç kiçik indikator (complication) çıxarılıb. Bundan əlavə, saatın kənar hissəsində yerləşən əlavə məlumatlar da artıq göstərilməyəcək.
Yeni dizaynda ekranın təxminən yuxarı üçdə iki hissəsini böyük saat göstəricisi tutur. Aşağı hissədə isə üç kiçik indikator saxlanılır. Bu dəyişikliklər nəticəsində interfeys daha sadə, oxunaqlı və xüsusilə standart Apple Watch Series modellərinin kiçik ekranları üçün daha uyğun hala gətirilir. Qeyd edək ki, Apple yalnız bu interfeyslə kifayətlənmir. Şirkət həmçinin watchOS 26.5 çərçivəsində hər il təqdim etdiyi Pride kolleksiyasına daxil olan yeni Pride Luminance saat interfeysini də istifadəçilərə təqdim etməyə hazırlaşır.
Paylaş