Google Play-ə yeni ödəniş üsulu əlavə edildi
Google Play mağazasında istifadəçilər üçün yeni ödəniş üsulu istifadəyə verilib. Şirkət ABŞ-də Google Play üzərindən edilən alış-verişlərdə Venmo ilə ödəniş imkanının əlavə olunduğunu açıqlayıb. Yeni seçim vasitəsilə istifadəçilər oyunlar, tətbiqlər, tətbiqdaxili əlavələr və digər rəqəmsal məzmunları Venmo ilə ala biləcəklər. Bundan başqa, Venmo abunəliklərin ödənilməsi və bəzi məzmun platformalarında yaradıcı şəxslərə bəxşiş göndərilməsi üçün də istifadə oluna biləcək.
Ödəniş zamanı yalnız Venmo balansından istifadə etmək məcburi deyil. İstifadəçilər Venmo hesablarına qoşulmuş bank hesabları və bank kartları vasitəsilə də ödəniş edə biləcəklər. Venmo hesabını Google Play-ə qoşmaq üçün istifadəçinin hesab parametrlərindəki ödəniş üsulları bölməsinə daxil olması kifayətdir. Google Play ABŞ-də artıq PayPal və Cash App kimi rəqəmsal ödəniş xidmətlərini, həmçinin American Express, Visa, Mastercard, Discover və JCB kartlarını dəstəkləyir. Venmo da bundan sonra mövcud seçimlər sırasına qoşulur.
Paylaş
