
HMD Aura 2 smartfonunun render fotosu və texniki imkanları təqdim eidlib
HMD Global şirkəti may ayının sonunda HMD Aura adlı büdcəli smartfonunu təqdim etmişdi. İndi isə görünür, şirkət onun davamçısı üzərində çalışır. Söhbət, HMD Aura 2-dən gedir. İnsayderlər HMD Aura 2-nin fotosunu və texniki imkanlarını bölüşüblər. Təqdim edilmiş fotoda smartfonun yalnız arxa paneli əks olunub. Fotoya əsasən yeni smartfon ümumi olaraq may ayında təqdim edilmiş HMD Aura-ya bənzəyəcək. Sadəcə olaraq yeni modeldə arxa kameralar xüsusi sahə ilə əhatə olunacaqlar. İnsayderlərin sözlərinə əsasən HMD Aura 2 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.56 düym ölçülü LCD ekranla təchiz olunacaq.

Müqayisə üçün qeyd etmək lazımdır ki, birinci nəsil HMD Aura-nın ekranı 60 Hz-lik təsvir yenilənməsinə sahibdir. Yeni smartfon UNISOC T603 prosessoru vasitəsilə çalışacaq və 4 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda smartfon 13 MP + 0.8 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə HMD Aura 2 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı insayderlər qeyd ediblər ki, smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. HMD Aura 2-nin nə zaman təqdim olunacağı hələ bilinmir.
Paylaş