main-post-cover

    Huawei nova 11, nova 11 Pro və nova 11 Ultra təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.04.2023
    Farid Pardashunas
        Huawei şirkəti nova 11 smartfon seriyasını təqdim edib. Təqdim edilmiş yeni smartfon seriyasına 3 model daxil olub. Nova 11, nova 11 Pro nova 11 Ultra. Bu yeni smartfonlar xarici görünüşcə demək olar bir-birilərinə bənzəsələr də bəzi fərqli özəlliklər mövcuddur. Məsələn nova 11 Pro modeli iki versiyada təqdim edilib. Onlardan biri şüşə arxa panelə, digəri isə süni dəridən hazırlanmış arxa panelə sahibdir. Nova 11 Ultra-ya gəldikdə isə o yalnız süni dəridən hazırlanmış arxa panelə sahibdir. Texniki göstəricilər baxımından da smartfonlar bəzi fərqlərə sahibdirlər. Nova 11 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1084 piksel keyfiyyətli 6.7 düym OLED ekran ilə təchiz olunub.
        Adi nova 11-in ekranı yastıdır və onun yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Kunlun Glass adlı qoruyucu şüşə ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə adi nova 11 modeli Snapdragon 778G prosessoru, 8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.9 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq əhatəsi, avtofokus) ikili arxa kamera, 60 MP-lik (f/2.0 diafraqma, 100 dərəcə bucaq əhatəsi) ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        İndi isə keçək nova 11 Pro ilə nova 11 Ultra-ya. Bu hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2652x1200 piksel keyfiyyətli 6.78 düym OLED ekran ilə təchiz olunub. Smartfonların ekranlarının yuxarı hissəsində ikili ön kamera üçün oval formalı çıxıntı yerləşdirilib. Bununla yanaşı adi nova 11-də olduğu kimi nova 11 Pro ilə nova 11 Ultra-nın da ekranı Kunlun Glass qoruyucu şüşəsi ilə əhatə olunub və özündə barmaq izi skanı texnologiyasını birləşdirir. Smartfonlar kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə sahibdirlər. Əsas texniki göstəricilər məsələsində ilk olaraq qeyd etmək lazımdır ki, nova 11 Pro ilə nova 11 Ultra da Snapdragon 778G prosessoru vasitəsilə çalışırlar və özlərində 8 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini birləşdirirlər.
        Arxa kameralar mövzusunda smartfonlar nova 11 ilə eynidirlər. Ön kamera mövzusunda isə nova 11 Pro ilə nova 11 Ultra 60 MP + 8 MP ikili ön kamera ilə təchiz olunublar. Adi nova 11 kimi bu smartfonlar da 4500 mAh enerji tutumlu batareyaya sahibdirlər. Lakin nova 11-dən fərqli olaraq nova 11 Pro ilə nova 11 Ultra modelləri 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər. Qeyd etmək lazımdır ki, hər iki smartfon HarmonyOS 3 əməliyyat sistemi vasitəsilə çalışır. Nova 11 modeli Çin bazarında artıq satışa çıxıb və onun start qiyməti 363$ təşkil edir. Nova 11 Pro ilə nova 11 Ultra isə yaxın zamanda satışa çıxacaq. Nova 11 Pro-nun qiyməti 500$-dan başlayacaq. Nova 11 Ultra-nın qiyməti isə 655$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər