
Huawei Pura 70 smartfon seriyasının qlobal bazarda satışı elan edilib
Huawei şirkəti keçən ay Çində Pura 70 smartfon seriyasını təqdim etdi. Bu seriyaya 4 model daxil oldu. Huawei Pura 70, Pura 70 Pro, Pura 70 Pro+ və Pura 70 Ultra. İndi isə Huawei Pura 70 smartfon seriyasının qlobal bazarda satışa çıxacağını anons edib. Beləliklə rəsmi məlumata əsasən qlobal bazarda bu seriyanın 3 modeli satışa çıxacaq. Söhbət, Huawei Pura 70, Pura 70 Pro və Pura 70 Ultra modellərindən gedir. Huawei Pura 70 Pro+ modeli isə eksklüziv olaraq Çin bazarı üçün qalacaq. Şirkət qlobal bazarda smartfonların hansı göstəricidə RAM və daxili yaddaş həcminə, o cümlədən hansı gövdə rənglərinə sahib olacaqlarını açıqlayıb. Beləliklə Huawei Pura 70 modeli qlobal bazarda 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib olacaq.

O, ağ, qara və çəhrayı gövdə rənglərində satışa çıxacaq və onun qiyməti 775$ təşkil edəcək. Huawei Pura 70 Pro modeli qlobal bazarda 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib olacaq. O, ağ və qara gövdə rənglərində satışa çıxacaq və onun qiyməti 1079$ təşkil edəcək. Huawei Pura 70 Ultra modelinə gəldikdə isə o, qlobal bazarda 16 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib olacaq. O, yaşıl, qara və qəhvəyi gövdə rənglərində satışa çıxacaq və onun qiyməti 1380$ təşkil edəcək. Bu smartfonların qlobal versiyaları texniki göstəricilər baxımından Çində satılan versiyalardan heç də fərqlənmirlər. Şirkət bildirib ki, smartfonlar qlobal bazarda bu ay ərzində satışa çıxacaqlar.
Paylaş