Kioxia yeni XL-Flash fleş yaddaşının prototipini təqdim etdi
“Kioxia” Tokioda keçirilən “KIOXIA Forum” tədbirində 3-cü nəsil “XL-Flash” fleş yaddaşının prototipini göstərib. Yaddaşın oxuma sorğusuna cavab verməsi çox az vaxt aparır: orta oxuma gecikməsi 3 mikrosaniyə təşkil edir. Müqayisə üçün, şirkətin standart “BiCS8” TLC yaddaşında bu müddət 40 mikrosaniyədir. “Kioxia” sınaq nümunələrini 2027-ci ilin martında seçilmiş müştərilərə göndərməyi planlaşdırır.
Əvvəlki nəsillə müqayisədə yeni “XL-Flash” eyni sahədə 70% daha çox məlumat saxlayır. Enerji səmərəliliyi isə təxminən 135% artıb. Bu artımda CBA texnologiyasının da payı var: “Kioxia” idarəetmə sxemlərini və yaddaş hüceyrələrini ayrı lövhələrdə hazırlayıb birləşdirir. Belə quruluş 512 baytlıq məlumat bloklarını oxuyanda enerji sərfini də azaldır.
Prototipdə hər hüceyrəsində 1 bit məlumat saxlayan SLC yaddaş var. Hər yaddaş kristalının tutumu 128 Gbit-dir, məlumat ötürmə sürəti isə 4,8 Gbit/s-dir. Şirkətin məlumatına görə, yaddaş 150 000 - 250 000 yazma və silmə dövrünə dözür. Bu göstərici standart TLC yaddaşından ən azı 50 dəfə yüksəkdir. “Kioxia” yaddaşın neçə qatdan ibarət olduğunu hələ açıqlamayıb.
“Kioxia” yeni yaddaşı operativ yaddaşla adi fleş yaddaş arasında əlavə pillə kimi hazırlayıb. Süni intellekt serverlərində “XL-Flash” operativ yaddaşın yükünü qismən öz üzərinə götürərək xərcləri azalda bilər. Oxuma sorğularına cavab müddəti baxımından “XL-Flash” başqa yaddaş texnologiyası ilə işləyən “Optane” SSD-lərinə yaxındır. “Intel” həmin məhsul xəttindən 2022-ci ildə çıxıb.
“XL-Flash” yaddaşı ilə işləyən ilk məhsul müəssisələr üçün hazırlanan “GP2” SSD-si olacaq. Disk müxtəlif yerlərdə saxlanan 512 baytlıq məlumat bloklarını oxuyanda saniyədə 18 milyondan çox əməliyyat apara biləcək. “Kioxia”nın məlumatına görə, bu göstərici şirkətin TLC yaddaşlı “CM10” modelindən 2,5 dəfə yüksəkdir. Disk PCIe 6.0 x4 bağlantısının ötürmə gücündən tam yararlana bilsə, ardıcıl oxuma sürəti 28 GB/s-ə çata bilər.
“Kioxia”ya görə, diskin bütün tutumu qədər məlumatı bir gün ərzində 50 dəfəyədək yazmaq olar. “GP2” birbaşa maye ilə soyutma sistemləri ilə işləyəcək. Şirkət disk üçün E1.S və E3.S ölçü formatlarını nəzərdən keçirir. Yaddaş çiplərinin sınaq nümunələri martda gözlənilir. “GP2” diskinin sınaq nümunələri isə seçilmiş müştərilərə 2027-ci ilin sonunadək çatdırılacaq.
“Kioxia” və “Nvidia” gələcək “GP” disklərinin müxtəlif yerlərdə saxlanan məlumatı oxuyarkən saniyədə 100 milyona qədər əməliyyat aparmasını hədəfləyir. Məqsəd süni intellekt serverlərində qrafik prosessorun sürətli HBM yaddaşını əlavə fleş yaddaşla tamamlamaqdır. “Kioxia” avqustda “XL-Flash” əsasında hazırlanan “XL1” modul seriyasını da elan edib. CXL bağlantısı ilə işləyən bu modullar serverin yaddaş tutumunu artırır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...