Logo
    Phison 2 SSD layihəsi təqdim etdi: birində AI çipi, digərində daxili keş

    Phison 2 SSD layihəsi təqdim etdi: birində AI çipi, digərində daxili keş

    Cihazlar+
    20.11.2026
        “Phison” “Supercomputer 2026” sərgisində şirkətlər və serverlər üçün hazırlanan 2 yeni SSD layihəsini göstərib. Modellərdən birində məlumatları birbaşa yaddaş qurğusunda emal edən daxili NPU, yəni süni intellekt çipi var. Digər SSD sürətli pSLC keş yaddaşını böyük tutumlu QLC yaddaşla eyni idarəetmə çipində birləşdirir. Hər iki məhsul hələ hazırlanır və yekunlaşdıqdan sonra bazara çıxacaq.
    Phison 2 SSD layihəsi təqdim etdi: birində AI çipi, digərində daxili keş
        Süni intellekt üçün hazırlanan SSD 64 GB yaddaşa sahibdir. Yaddaşın məlumat ötürmə sürəti 130 GB/s-dir. Qurğu “PyTorch”, “vLLM”, “OpenVINO” və “llama.cpp” alətlərini birbaşa SSD-də işlədə bilir. Beləliklə, server bütün məlumatları prosessora göndərmir, yalnız hazır nəticəni SSD-dən alır. “Phison”un iddiasına görə, uyğun tapşırıqlarda ötürülən məlumatın həcmi 10-100 dəfə azala bilər.
        “Phison” hesablama gücü üçün 36 800 DMIPS göstəricisini açıqlayıb. Ancaq bu, 1980-ci illərdən qalan prosessor ölçmə üsuludur. NPU-ların gücü adətən TOPS, yəni saniyədə trilyon əməliyyatla ölçülür. Buna görə açıqlanan rəqəm SSD-nin süni intellekt işlərində nə qədər güclü olduğunu aydın göstərmir. Serverin diskdəki hesablama funksiyalarına necə qoşulacağı da məlum deyil.
        “Mixed Media” adlı ikinci SSD-də 16 kanallı idarəetmə çipi var. QLC yaddaşın bir hissəsi daha sürətli və uzunömürlü pSLC rejimində işləyərək müvəqqəti yaddaş rolunu oynayır. Qalan hissə böyük tutumu qoruyur. Əməliyyat sistemi bu sahələri ayrı NVMe yaddaş bölmələri kimi görür. Tez-tez yazılan məlumatları pSLC hissəsinə, əsasən oxunan məlumatları isə QLC hissəsinə yönəltmək olur.
        Belə quruluş ayrıca keş SSD-lərinə ehtiyacı azalda bilər. Nəticədə serverdəki bütün disk yuvalarını əsas yaddaş üçün saxlamaq olar. “Phison”a görə, 24 diskli sistemdə 1 qurğu sıradan çıxarsa, keşin itirilən hissəsi 4 faiz olar. Ayrıca 4 keş diski olan oxşar sistemdə itki 25 faizə çata bilər. Digər tərəfdən, tək SSD sıradan çıxanda həm əsas yaddaşın, həm də keşin bir hissəsi eyni vaxtda itirilir.
        Layihələr “Phison X3” korporativ idarəetmə çipi ilə də müqayisə edilir. PCIe 6.0 əsaslı “X3” ardıcıl məlumat ötürülməsində 28 GB/s sürət vəd edir. O, saniyədə 6,8 milyon giriş-çıxış əməliyyatı yerinə yetirməlidir. Şirkət daha əvvəl sınaq nümunələrini 2026-cı ilin sonunadək hazırlamağı planlaşdırdığını açıqlamışdı. Kütləvi istehsalın 2027-ci ilin ortalarında başlaması planlaşdırılırdı. Ancaq son təqdimatda nə “X3”, nə də 2 SSD layihəsi üçün dəqiq satış tarixi verilib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...