Logo
    main-post-cover

    Paramount-un Warner Bros. Discovery razılaşmasına Aİ-dən şərtli təsdiq

    Cihazlar+
    23.07.2026
    Sevinj
        Avropa Komissiyası Paramount Global şirkətinin Warner Bros. Discovery-ni təxminən 111 milyard ABŞ dolları dəyərində satın almasına şərtli şəkildə icazə verib. Qərara əsasən, Paramount Avropadakı film distribusiya fəaliyyəti üzrə Universal Pictures ilə birgə əməkdaşlığını dayandırmalıdır. Tənzimləyici qurum sövdələşmənin film istehsalı, film distribusiyası, media lisenziyalaşdırılması və televiziya yayımı bazarına təsirini araşdırıb. Komissiyanın qənaətinə görə, Paramount-un Universal ilə birlikdə Avropada fəaliyyət göstərən Universal International Pictures (UIP) distribusiya şirkətində pay sahibi olması, Warner Bros. Discovery-nin geniş film kataloqu ilə birləşdikdə bazarda rəqabəti zəiflədə bilərdi.
    Paramount secures EU nod for $110 billion Warner Bros deal, US hurdles  ahead | Reuters
        Avropa Komissiyası bildirib ki, bu vəziyyət kinoteatr operatorları üçün film icarəsi və distribusiya şərtlərinin pisləşməsinə, nəticədə isə istehlakçıların zərər görməsinə səbəb ola bilərdi. Bu səbəbdən Paramount sövdələşmə tamamlandıqdan sonra 13 ay ərzində UIP-dəki fəaliyyətini dayandırmağı, həmçinin növbəti 10 il ərzində Universal ilə filmlərin birgə distribusiyası sahəsində birbaşa və ya dolayı əməkdaşlıq etməməyi öhdəsinə götürüb.
        Bu qərarla sövdələşmə həm Avropa İttifaqında, həm də ABŞ federal səviyyəsində əsas tənzimləyici təsdiqləri almış olur. Bununla belə, proses hələ tam yekunlaşmayıb. Böyük Britaniyanın rəqabət orqanları sövdələşməni araşdırmağa davam edir. ABŞ-də isə 12 ştat razılaşmanın rəqabətə mənfi təsir göstərə biləcəyini əsas gətirərək məhkəməyə müraciət edib. Hazırda məhkəmə sövdələşməni müvəqqəti olaraq dayandırıb və məsələ ilə bağlı növbəti dinləmə 3 avqust tarixində keçiriləcək. Bununla yanaşı, Bloomberg-in məlumatına görə, əgər razılaşma sentyabrın sonunadək tamamlanmasa, Paramount hər gecikən gün üçün təxminən 7 milyon ABŞ dolları əlavə ödəniş etməli olacaq.
    Paylaş