main-post-cover

    "Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?

    Cihazlar+
    21.03.2024
    Farid Pardashunas

         Bildiyimiz kimi, Apple markasının "Dynamic Island" adlanan bildiriş paneli iPhone seriyasının dizayn xəttində yeni bir inqilab yaratmışdı.

    HONOR markasının "Magic Capsule" olaraq adlandırdığı bildiriş panelinə sahib "HONOR X8b" də bu dizayn xəttinə sahib 450 manata satılan uyğun qiymətli Android smartfonlarından biridir.

    Cihaz 3 rəng seçimi ilə birlikdə təqdim olunur ki, bunlardan ən diqqət çəkəni də "Glamorous Green", yəni məftunedici yaşıl rəngidir. HONOR markasının uyğun qiymətli smartfon modelinin dizayn xəttində belə bir addım atması həqiqətən də təqdirəlayiqdir. Çünki cihazın arxa hissəsinin süni dəri və ya digər adı ilə təbiət dostu olan dəri materialından hazırlanması smartfonu əldən sürüşməyə və barmaq izlərini özündə saxlamağa imkan vermir. Digər rəng seçimləri isə, "Titanium Silver" və "Midnight Black" olaraq adlanır.
         Cihazın dizaynından biraz bəhs etsək, "HONOR X8b" smartfonu 166 qram çəkiyə və 6.8mm qalınlığa sahibdir. Smartfonun belə bir çəkiyə sahib olması mütəmadi istifadəsi zamanı əlləri yormur. Həmçinin incə gövdəsi gündəlik istifadəsini daha da asanlaşdırır. "HONOR X8b" smartfonun arxa hissəsinə nəzər salsaq burada dördlü kamera blokunu görə bilərik ki, bunlardan yalnız 3-ü kamera sensoru və digəri isə "flash" yəni led işıq olaraq fəaliyyət göstərir. Led işıq digər kamera sensorlarının yanında yerləşdirildiyinə görə dizaynda simmetrik görünüşü qoruyur və ilk baxışda dördlü kameraya sahib cihaz hissiyatını yaradır. Bundan əlavə cihazın ekranına baxsaq "Magic Capsul"un daxilinə ön kameranın və led işığın inteqrasiya edildiyini görə bilərik. Zamanla çox az smartfon modelində qarşılaşdığımız ön kamera işığı qaranlıq məkanlarda "selfie" fotoları çəkərkən həyat qurtarıcı rol oynayır. Cihazın oval formalı gövdəyə malik olması smartfonu digər markaların daha yüksək qiymətli flaqman modellərinə bənzədir. Bu cəhətdən ilk baxış zamanı daha bahalı smartfon modelinə də bənzədiyini deyə bilərik. "HONOR X8b" smartfonu 2 SİM kart girişinə sahibdir, lakin SD kart dəstəyi yoxdur. Səs tərəfində cihaz stereo səsi dəstəkləmir və 3.5mm naqilli qulaqlıq girişi yoxdur. IP sertifikatı tərəfində hər hansı bir məlumat olmasa da, HONOR markasının bildirdiyinə görə cihaz su sıçramalarına və yağış damcılarına qarşı davamlıdır. Lakin dözümlülük tərəfində bir yaxşı xəbər də ondadır ki, smartfonun ekranı SGS sertifikasiyasından keçib. Bu da o deməkdir ki, cihazın ekranı cızılmalara və zərbələrə qarşı daha dözümlüdür.
         "HONOR X8b" smartfonu 6.7 düymlük 90 Hz tezliyə malik AMOLED ekran paneli ilə təchiz edilib. Bu ekranın bir üstün cəhəti də ondadır ki, cihazın ekran-gövdə nisbəti 90 faizin üzərindədir. Bu da eyni zamanda daha incə çərçivələrə sahib daha böyük ekran mənasına gəlir. Onu da qeyd edək ki, giriş seqmentində yer alan bir smartfon üçün belə bir ekran-gövdə nisbəti çox yaxşı göstəricidir. Bundan əlavə ekranın parlaqlığı günəşli havalarda və pik saatlarda 2000 nits-ə qədər qalxa bilir. Belə bir parlaqlıq miqdarına orta və üst seqment smartfon modellərində daha tez-tez qarşılaşdığımızı nəzərə alsaq giriş seqmentində yer alan bir cihaz üçün olduqca yaxşı bir göstərici olduğunu deyə bilərik. Ekranın bir digər üstün tərəfi isə 3240 Hz PWM qaraltma texnologiyasına sahib olmasıdır. PWM dəyərinin yüksək olmağının yaxşı tərəfi də ondadır ki, ekranda işıq dalğalanmaları daha az baş verir. Bu da o deməkdir ki, qaranlıq otaqda smartfonu istifadə edərkən ekran göz yorğunluğunu minumuma endirir.
         Texniki tərəfində "HONOR X8b" smartfonu 6nm-lik arxitekturaya sahib Snapdragon 680 prosessoru ilə təchiz edilib. Yüksək bir göstərici olmasa da seqmentinə görə bu proesessoru yaxşı hesab etmək olar. Snapdragon prosessorunun bir üstün cəhəti də ondadır ki, nisbətən "ağır" işlər gördüyümüz zaman qızmalar daha az baş verir. Eyni zamanda, 6nm-lik arxitekturaya sahib olması daha az enerji sərfiyyatına və daha uzunömürlü batareya istifadəsinə gətirib, çıxardır. Cihaz minimum olaraq 8 GB fiziki RAM və 128 GB-lıq daxili yaddaş ilə birlikdə gəlir. Bundan əlavə 8 GB-lıq virtual RAM seçimi də var ki, aktivləşdirdiyiniz zaman 16 GB operativ yaddaş əldə etmiş olacaqsınız. RAM tərəfində HONOR markasının belə bir vədi də var ki, əgər 8 GB-lıq virtual RAM xüsusiyyətini aktivləşdirsəniz eyni zamanda 30 ədəd tətbiqi tutulmadan istifadə edə biləcəksiniz. Cihazın oyun performansı barədə qısa bir məlumatı da qeyd edək ki, "PUBG Mobile" oyununu test etdiyimiz zaman minimum keyfiyyətdə maksimum 30 FPS dəyərini ala bildik. Düzdür, cihaz oyun sektoru üçün nəzərdə tutulmasa da "yüngül" oyunları oynamağa tam imkan verir. Bundan əlavə, "HONOR X8b" smartfonu qutudan Android 13 əməliyyat sistemi ilə birlikdə çıxır, lakin Android 14 yenilməsini də alacağı gözlənilir. Bu əməliyyat sistemi isə, HONOR markasının "MagicOS" adlanan istifadəçi interfeysi ilə dəstəklənir. Eyni zamanda, Android 14 ilə birlikdə "MagicOS 8.0" yenilməsini də alacağı bildirilir.  
         Daha öncə "HONOR X8b" smartfonunun incə bir gövdəyə malik olduğunu qeyd etmişdik. Buna baxmayaraq, gövdəsinin daxilində 4500 mAh-lik bir batareya yerləşir ki, bir günlük istifadə zamanı çox yaxşı nəticə çıxarır. Qutusundan 35W-lıq adapter başlığı ilə birlikdə çıxır. Giriş seqmentində yer alan bir smartfon üçün hər iki göstəricini də yaxşı hesab etmək olar. 35W-lıq adapter ilə enerjiyə qoşduğumuz zaman 30 dəqiqə ərzində 10%-dən 56%-ə qədər və 1 saat ərzində isə, 100%-ə qədər doldura bilir.  
         Kamera tərəfində "HONOR X8b" smartfonu olduqca iddialı göstəricələrə malikdir. Buna səbəb HONOR markasının ön hissədə 50 MP-lik arxa hissədə isə, 108 MP-lik kamera sensorlarından istifadə etməsidir. 108 MP-lik çəkiliş keyfiyyətinə malik olan kameranın əsas kamera olduğunu təxmin etmək elə də çətin deyil. Əsas kamera f/1.8 diafraqma açıqlığına və 24mm-lik obyektivə sahibdir. Fotolorda rəngləri olduqca canlı işləyə bilir. Üstün cəhəti isə, ondadır ki, fotoları yaxınlaşdırarkən keyfiyyət itkisi daha az gözə batır. Portret rejimində də bir neçə fotolar çəkdik. Əsas kameranın bu hissədə də yaxşı iş çıxartdığını deyə bilərik. Çünki normal işıqlı məkanlarda portret rejimi ilə çəkdiyimiz fotolar zamanı insan gövdəsini arxplandan mükəmməl bir şəkildə ayıra bilir. Aşağıdan çəkdiyimiz bəzi foto nümunələrinə baxa bilərsiniz.  
         Ön kameraya gəldikdə isə, daha öncədə qeyd etdiyimiz kimi, burada 50 MP çəkiliş keyfiyyətinə və f/2.1 diafraqma açıqlığına sahib ön kamera sensorundan istifadə edilib. Əlavə olaraq genişbucaqlı çəkiliş seçimi də var ki, qrup fotoları zamanı daha çox insanı fotoya yerləşdirmək üçün bu xüsusiyyətdən istifadə edə bilərsiniz. Çəkiliş keyfiyyətinə gəldikdə isə, rəngləri canlı şəkildə qeydə ala bilir və detalları olduğu kimi işləyə bilir. Ön led işığın olması isə qaranlıq məkanlarda fotolar çəkərkən əlavə üstünlük qazandırır. Portret rejimdə bəzən işıq partlamaları olsa da obyekti subyektdən rahat şəkildə ayıra bilir. Aşağıdan ön kamera ilə çəkdiyimiz bəzi foto nümunələrini görə bilərsiniz.  
         Arxa hissədə yerləşən digər 2 kamera sensoruna gəldikdə isə, bunlardan biri 5 MP çəkiliş keyfiyyətinə malik ultra geniş kamerası digəri isə, 2 MP çəkiliş keyfiyyətinə malik makro kamerasıdır. Bu kamera sensorları önəmli olmadığı üçün foto nümunələrini sizlərlə bölüşmürük, lakin giriş seqmentində yer alan uyğun qiymətli smartfon üçün normal nəticələr ərsəyə gətirdiyini deyə bilərik.  
         Yekun olaraq "HONOR X8b" smartfonunu dəyərləndirsək fikrimizcə ekran və kamera göstəricilərinə görə 450 manata almağa dəyər. Bundan başqa smartfonun "Magic Capsule" adlanan bildiriş paneli və məftunedici yaşıl rəngi dizayn tərəfində cihaza əlavə "premium" hissiyatı qatır. Performans tərəfində isə güclü bir cihaz olmasa da gündəlik işlər üçün ideal bir smartfon modeli hesab etmək olar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Band 9 smart qolbağı təqdim olunub - QİYMƏTİ
    honor-band-9-smart-qolbagi-teqdim-olunub-qiymeti
    Honor Watch GS 4 smart saatı təqdim edilib - QİYMƏTİ
    honor-watch-gs-4-smart-saati-teqdim-edilib-qiymeti
    Honor Magic 6 RSR Porsche Design və Magic 6 Ultimate Edition premium smartfonları təqdim olunub - QİYMƏTİ
    honor-magic-6-rsr-porsche-design-ve-magic-6-ultimate-edition-premium-smartfonlari-teqdim-olunub-qiymeti
    Honor Magic 6 Porsche Design smartfonunun fotosu təqdim edilib
    honor-magic-6-porsche-design-smartfonunun-fotosu-teqdim-edilib
    Honor Magic 6 Ultimate Edition-un fərqləndirici özəlliklərindən biri açıqlanıb
    honor-magic-6-ultimate-edition-un-ferqlendirici-ozelliklerinden-biri-aciqlanib