Razer oyun stulu üçün Clio X simsiz dinamikini 110 dollara satışa çıxardı
“Razer” “PAX West 2026” sərgisində oyun stulunun baş hissəsinə bərkidilən “Clio X” simsiz dinamikini təqdim edib. Yeni model 110 dollar (təxminən 190 manat) qiymətinə satışa çıxarılıb. Ötən il təqdim edilən əsas “Clio” modeli isə 230 dollara (təxminən 390 manat) satılır. Beləliklə, “Clio X” əsas modelin yarı qiymətindən də ucuzdur. Məhsulu şirkətin saytından və pərakəndə mağazalardan almaq mümkündür.
“Clio X” bütün “Razer” oyun stulları ilə uyğun işləyir. Dinamik tənzimlənən neylon qayışla stulun baş hissəsinə bərkidilir. Qurğunun işləməsi üçün onu 15 Vt güc verən USB-C enerji mənbəyinə qoşmaq lazımdır. Portativ enerji bankından da istifadə etmək olar. Qutuda ayrıca enerji adapteri yoxdur. Buna görə uyğun enerji mənbəyini istifadəçi özü almalıdır.
Yeni modelin əsas fərqi daxili dinamiklərin quruluşudur. Daha bahalı “Clio” modelində bütün səs diapazonunu ötürən, alüminium konuslu 43 mm dinamiklər yerləşdirilib. “Clio X” modelində isə 2 ədəd 38 mm dinamik və aşağı tezlikli səsləri gücləndirən 2 ədəd 55 mm passiv radiator var. “Razer”in məlumatına görə, ölçülərin kiçilməsinə baxmayaraq, sistem əhatəli səs verə bilir.
“Clio X” standart stereo səsi 360 dərəcəlik, daha əhatəli səsə çevirən “THX Spatial Audio” texnologiyasını dəstəkləyir. Kompüterlə bağlantı “Razer”in 2,4 GHz tezlikdə işləyən “HyperSpeed” simsiz sistemi ilə qurulur. Bu bağlantı səs gecikməsini mümkün qədər azaltmaq üçün hazırlanıb və əsasən rəqabətli oyunlara hesablanıb. Daha güclü sistem istəyənlər dinamiki səs panelinə də qoşa bilərlər.
“Razer” maksimum səs gücü üçün PD2.0 enerji ötürmə standartına uyğun mənbədən istifadə etməyi tövsiyə edir. Uyğun olmayan enerji mənbəyi qurğunun aldığı gücü məhdudlaşdıracaq. Nəticədə maksimum səs səviyyəsi daha aşağı olacaq. Portativ enerji bankının tutumunun ən azı 10 000 mAh olması məsləhət görülür. Qurğunun işləmə müddəti enerji bankının tutumundan asılıdır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...