Logo
    main-post-cover

    Real zaman ərzində tərcümə funksiyasına sahib Honor EarBuds Open naqilsiz qulaqlığı təqdim edilib

    Cihazlar+
    15.01.2025
    Emil
         Honor şirkəti qlobal bazarda yeni naqilsiz qulaqlığını təqdim edib. Şirkətin yeni naqilsiz qulaqlığı Honor EarBuds Open adlanır. Bu yeni naqilsiz qulaqlığın əsas fərqləndirici tərəfi ondadır ki, o, real zaman ərzində tərcümə funksiyasını özündə birləşdirir. Qulaqlıqlardan hər biri 16 mm-lik multimaqnit audio drayver ilə təchiz olunub. Titan materialdan hazırlanmış örtüyə sahib səsgücləndiricilər yüksək səs tezliklərini təmin edirlər. Qulaqlıqların gövdələrinin C hərfi formasında olan hissələri nikel-titan ərintisindən hazırlanıb.
         Qulaqlıqlar həcmli səslənmə özəlliyini dəstəkləyirlər. Honor EarBuds Open ətraf səs-küyün aktiv boğulması mövzusunda hibrid sistemi əldə edib və bu sistem 3 mikrofondan təşkil edilib. Hibrid sistem musiqi dinləmə zamanı kənar səsləri effektiv şəkildə boğur, telefon danışıqları zamanı isə səsin təmiz şəkildə ötürülməsini təmin edir. Xəbərin əvvəlində də qeyd edildiyi kimi Honor EarBuds Open-in əsas fərqləndirici özəlliyi onun real zaman ərzində tərcümə funksiyasına sahib olmasıdır.
         Nəticədə Honor EarBuds Open-in sahibi başqa dildə danışan şəxs ilə ünsiyyət qurmaq istədikdə həmin şəxsin nitqini tərcümə edilmiş versiyada eşidəcək. Məlumata əsasən tərcümə prosesi saniyələr ərzində baş verir. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 6 saat ərzində çalışa bilirlər. Şarj keysi sayəsində bu göstərici 22 saat təşkil edir. Bununla yanaşı Honor EarBuds Open-də sürətli şarj texnologiyasının dəstəyi də reallaşdırılıb. Nəticədə qulaqlıqlar 15 dəqiqə ərzində şarj olunduqdan sonra 2 saat çalışa bilirlər. Honor EarBuds Open-in hansı qiymətə satılacağı hələ açıqlanmayıb.
    Paylaş