Logo
    main-post-cover

    Redmi K80 smartfonlarının ekranları barəsində rəsmi məlumatlar təqdim edilib

    Cihazlar+
    19.11.2024
    Emil
         Xiaomi-nin Redmi brendi hələ Redmi K80 smartfonlarının təqdimatlarını anons etməsə də, onlar barəsində bəzi təfərrüatları bölüşüb. Qeyd etmək lazımdır ki, Redmi K80 seriyasına minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro. Beləliklə Redmi tərəfindən təqdim edilmiş posterlərə əsasən hər iki smartfon TCL Huaxing tərəfindən istehsal edilmiş 2K keyfiyyətli ekranla təchiz olunacaq. Məlumatda həmçinin qeyd edilib ki, smartfonlardakı ekran M9 adlı xüsusi lüminessens materialdan istifadə edir. Bu isə öz növbəsində ekranın enerji sərfiyyatını 20.3% aşağı salır.
         Hər iki smartfonda ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edəcək. Bununla yanaşı smartfonlarda barmaq izi skanı birbaşa ekrana inteqrasiya ediləcək və o, ultrasəs texnologiyası əsasında çalışacaq. Daha öncəki məlumat sızıntılarına inansaq, adi Redmi K80 modeli Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq, 50 MP-lik əsas arxa kameranı əldə edəcək və özündə 20 MP-lik ön kamera ilə 6500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Redmi K80 Pro modelinə gəldikdə isə o, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışmalı və 6000 mAh enerji tutumlu batareyanı əldə etməlidir. Redmi K80 seriyasının bu ayın sonuna kimi təqdim ediləcəyi gözlənilir.
    Paylaş