Logo
    main-post-cover

    Samsung Galaxy S26 Ultra təqdim olundu | QİYMƏTİ

    Cihazlar+
    25.02.2026
    Farid
        Hər il olduğu kimi, bu il də texnologiya dünyasının gözü Samsung-un flaqman təqdimatına dikilmişdi. Şirkət rəsmi olaraq yeni Galaxy S26 seriyasını – Galaxy S26, S26 Plus və ailənin ən güclü üzvü olan S26 Ultra modellərini ictimaiyyətə nümayiş etdirdi. Təqdimatdan dərhal sonra cihazları yaxından nəzərdən keçirərək, bu smartfonların gətirdiyi əsas yenilikləri və istifadəçi təcrübəsində yaradacağı fərqləri sizlər üçün təhlil etdik. Technote.az oxucuları üçün Galaxy S26 Ultra modelində reallaşan köklü dəyişiklikləri texniki imkanlar və süni intellekt olmaqla iki əsas istiqamətdə qruplaşdırdıq.

    Galaxy S26 Ultra: Texniki İnnovasiyalar və Ekran İnqilabı

        Bu il Samsung mühəndisləri Galaxy S26 Ultra-da istifadəçi məxfiliyini tamamilə yeni mərhələyə daşıyan Privacy Display texnologiyasını tətbiq ediblər. Əvvəllər istifadəçilər kənar baxışlardan qorunmaq üçün smartfonlarına əlavə qoruyucu şüşələr yapışdırmalı olurdularsa, indi bu funksiya birbaşa ekranın daxili xüsusiyyəti kimi təqdim olunur. Siz istədiyiniz an bu rejimi aktivləşdirərək ekranın görünmə bucağını məhdudlaşdıra bilərsiniz. Daha da maraqlısı odur ki, sistemin sazlamalarında xüsusi avtomatlaşdırma qurmaq mümkündür; məsələn, bank tətbiqinə daxil olduqda, şifrə yığarkən və ya şəxsi mesajları oxuyarkən ekran avtomatik olaraq kənar şəxslər üçün qaralır. Bu, xüsusilə ictimai nəqliyyatda məlumatlarının təhlükəsizliyini düşünənlər üçün inqilabi bir yenilikdir.
        Dizayn tərəfində isə Samsung kəskin dəyişikliklərdən qaçaraq öz brend kimliyini qorumağa üstünlük verib. S26 Ultra sələfi ilə müqayisədə daha incə və nəzərəçarpacaq dərəcədə yüngüldür. Kamera bloku indi daha yığcam şəkildə, brendin qatlana bilən Z seriyasından ilhamlanaraq vahid bir çərçivə daxilində yerləşdirilib. Rəng seçimləri arasında təbiətdən ilhamlanan Kobalt Bənövşəyi flaqman rəng kimi önə çıxır və cihazın premium görünüşünü tamamlayır.

    Enerji Doldurma Sürəti və Performans Gücü

        İllərdir Samsung istifadəçilərinin ən çox gözlədiyi yeniliklərdən biri nəhayət S26 Ultra-da reallaşdı. Cihaz artıq 60 vatt naqilli25 vatt naqilsiz sürətli enerji yığma dəstəyinə sahibdir. Batareya həcmi 5000 mAh olaraq qalsa da, yeni şarj texnologiyası sayəsində smartfon cəmi 30 dəqiqə ərzində 81% enerji toplaya bilir. Bu, gündəlik dinamik həyat tərzi sürənlər üçün vaxta ciddi qənaət deməkdir.
        Performansın mərkəzində isə xüsusi olaraq Samsung üçün optimallaşdırılmış Snapdragon 8 Elite Gen 5 for Galaxy çipseti dayanır. Bu prosessor ötən illə müqayisədə hesablama gücündə (CPU) 17%, qrafik emalda (GPU) 19%, süni intellekt əməliyyatlarında (NPU) isə 40% artım vəd edir. Həmçinin, Ultra modelində ilk dəfə olaraq 16 GB DDR5x RAM versiyası təklif olunur ki, bu da ağır oyunlar və multitasking rejimində cihazın imkanlarını maksimuma çatdırır. Yeni dizayn edilmiş buxar kamerası isə istiliyi daha effektiv paylayaraq uzunmüddətli istifadə zamanı qızmanın qarşısını alır.

    Kamera: Gecə Videoları və Üfüq Sabitlənməsi

        Kamera sahəsində Samsung "daha işıqlı görüntülər" fəlsəfəsini rəhbər tutub. Meqapiksel sayında dəyişiklik olmasa da, linzaların diafraqma göstəriciləri ciddi şəkildə təkmilləşdirilib. Ana kameranın diafraqması F1.7-dən F1.4-ə, 5 qat optik yaxınlaşdırma linzasının dəyəri isə F3.4-dən F2.9-a endirilib. Bu fiziki dəyişiklik matrisaya daha çox işığın daxil olmasına şərait yaradır ki, nəticədə gecə çəkilişləri heç vaxt olmadığı qədər təmiz və detallı alınır. Xüsusilə "Gecə Videoları" rejimində süni intellekt və güclü prosessorun köməyi ilə kadrlar şumlardan təmizlənir.
        Video çəkilişləri üçün gətirilən ən maraqlı yenilik isə üfüq xəttinin sabitlənməsi funksiyasıdır. Bu xüsusiyyət sayəsində siz smartfonu fiziki olaraq əysəniz belə, kadrın üfüq xətti tam düz qalır. Aktiv idman növləri və hərəkətli çəkilişlər üçün nəzərdə tutulan bu imkan, sanki cihazın daxilində peşəkar bir gimbal varmış kimi təəssürat yaradır.

    Galaxy AI: Daha Ağıllı və Agent Əsaslı Təcrübə

        Proqram təminatı və süni intellekt tərəfində Galaxy AI imkanları genişləndirilərək gündəlik həyatın bir hissəsinə çevrilib. Yeni Now Nudge funksiyası konteksti anlayaraq sizə anlıq təkliflər verir; məsələn, kimsə harada olduğunuzu soruşduqda dərhal məkan göndərməyi, yaxud görüş təyin edildikdə onu təqvimə əlavə etməyi təklif edir.
        Bundan əlavə, Google ilə əməkdaşlıq çərçivəsində Circle to Search funksiyası daha da təkmilləşdirilib. İndi o, şəkildəki geyim və aksesuarları elementlərinə ayıraraq hər birini ayrılıqda axtarmağa imkan verir. Photo Assist bölməsində isə "prompt" əsaslı redaktə dövrü başlayır. Artıq şəkildən bir obyekti silmək və ya yenisini əlavə etmək üçün sadəcə yazılı komanda vermək kifayətdir. Samsung, həmçinin cihaz daxili axtarışı Finder vasitəsilə elə bir səviyyəyə çatdırıb ki, süni intellekt tətbiqlərin daxilindəki məlumatları – mailləri, bildirişləri və səyahət planlarını analiz edərək sizə lazım olan detalı saniyələr içində tapıb gətirir.
        Yekun olaraq deyə bilərik ki, Galaxy S26 Ultra həm texniki, həm də proqram tərəfində ciddi təkamül keçirib. Bəs sizcə, bu yeniliklər S26 Ultra-nı ilin ən yaxşısı etmək üçün kifayətdir?
    Paylaş