Samsung Galaxy Tab S12+ və S12 Ultra planşetlərinin görüntüləri sızdı
“Samsung”un yeni flaqman planşetlərinin görüntüləri internetdə yayılıb. Şəkillərə əsasən, “Galaxy Tab S12 Ultra” modelinin dizaynında böyük dəyişiklik olmayacaq. Şirkət tarixi hələ təsdiqləməsə də, planşetin 7 oktyabrda təqdim ediləcəyi gözlənilir.
Ekranda əvvəlki nəsildən tanış olan damla formalı kamera çıxıntısı saxlanılıb. Bu dizayn kameranın ekranda tutduğu yeri azaltmağa kömək edir. Cihazın yan və arxa hissələri də “Galaxy Tab S11 Ultra” ilə demək olar eynidir. Planşet üfüqi tutulanda “S Pen” üçün şarj yeri sağ yuxarı hissədə olur.
Yeni seriyaya “Galaxy Tab S12+” və “Galaxy Tab S12 Ultra” modellərinin daxil olacağı gözlənilir. “Galaxy Tab S12+” 12,4 düymlük ekranla çıxacaq. “Galaxy Tab S12 Ultra” modelinin ekranı 14,6 düym olacaq. Seriyada 11 düymlük standart modelin olmayacağı deyilir. Son Plus modeli 2024-cü ildə çıxan “Galaxy Tab S10+” olub. Ultra isə hər il yenilənən yeganə versiya olaraq qalır.
Sızan qiymətlərə görə, hər iki model bahalaşa bilər. Söhbət 12/256 GB yaddaşlı əsas versiyadan gedir. Ötən il “Galaxy Tab S11 Ultra”nın Wi-Fi variantı Hindistanda 111 000 rupiyə, 5G variantı 125 000 rupiyə satılırdı. Hindistanda əsas Ultra versiyası üçün təxminən 35% qiymət artımı gözlənilir. 5G versiyası üçün əlavə ödənişin nisbətən az qalacağı iddia olunur.
ABŞ-də əvvəlki Wi-Fi versiyanın qiyməti 1200 dollardan (2040 manat) başlayırdı. Yeni modelin 1400 dollardan (2380 manat) satışa çıxacağı gözlənilir. Beləliklə, qiymət 200 dollar (340 manat) arta bilər.
“Geekbench” testinin nəticələrinə görə, hər iki planşet “MediaTek Dimensity 9500” prosessoru ilə işləyəcək. Bu prosessor ötən il çıxıb. “Galaxy Tab S12+” modelində daha böyük batareyanın ola biləcəyi deyilir. “Galaxy Tab S12 Ultra” əvvəlki nəsildəki 11 600 mAh batareyanı saxlayacaq. Şarj gücü də dəyişməyərək 45 Vt qalacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...