Logo
    Silicon Motion 512 TB-lıq SSD-lər üçün 28 GB/s-lik kontroller təqdim etdi

    Silicon Motion 512 TB-lıq SSD-lər üçün 28 GB/s-lik kontroller təqdim etdi

    Cihazlar+
    19.11.2026
        “Silicon Motion” Çikaqoda keçirilən “SC26” konfransında məlumat mərkəzləri üçün hazırladığı “MonTitan SM8466” SSD kontrollerini ilk dəfə göstərib. PCIe 6.0 dəstəkli çip korporativ şirkətlərin və iri bulud xidmətlərinin yeni nəsil yaddaş sistemləri üçündür. Kontrollerin yekun dizaynı qısa müddət əvvəl tamamlanıb, sınaq nümunələrinin də yaxın zamanda hazır olacağı gözlənilir. Bu çip əsasında hazırlanan SSD-lərin 2027-ci ilin sonu və ya 2028-ci ilin əvvəlində satışa çıxması planlaşdırılır.
    Silicon Motion 512 TB-lıq SSD-lər üçün 28 GB/s-lik kontroller təqdim etdi
        “SM8466” PCIe 6.x x4 bağlantısı ilə işləyir və 16 NAND kanalından yararlanır. Kontroller ardıcıl məlumat ötürməsində 28 GB/s sürətə çata bilir. Kiçik məlumat blokları ilə işləyərkən saniyədə 7 milyon giriş-çıxış əməliyyatı aparır. SSD-lərin tutumu 512 TB və daha çox ola bilər. Kontroller NVMe 2.0 və OCP NVMe 2.5 standartlarına da uyğundur.
        “Silicon Motion” SCA adlı arxitekturada NAND yaddaşına göndərilən əmrlər və ünvanlar üçün ayrı ötürmə yolları yaradıb. Beləliklə, bir neçə əməliyyat eyni vaxtda aparılır, məlumat daha sürətli ötürülür və gecikmə azalır. “PerformaShape 2” texnologiyası paralel işləyən proqramların sürətini ayrıca tənzimləyərək sabitliyi qorumağa çalışır. Əvvəlki nəsildə 256 xidmət keyfiyyəti profili vardı, yenisində bu say 512-dir. Nəticədə bir iş yükünün SSD-nin bütün resurslarını tutmasının qarşısı alınır.
    Silicon Motion 512 TB-lıq SSD-lər üçün 28 GB/s-lik kontroller təqdim etdi
        “PerformaShape 2” bir neçə giriş-çıxış göstəricisi üzrə sürət hədlərini eyni vaxtda idarə edir. Bu yanaşma SSD resurslarını müxtəlif proqramlar arasında daha dəqiq bölür. Kontroller performans idarəetməsini standartlaşdırmaq üçün hazırlanan NVMe TP4176 təklifinə də uyğundur. Standart qəbul edilərsə, uyğun sistem proqramları bu qaydaları xüsusi drayver olmadan birbaşa qura biləcək. Bu xüsusiyyət çoxsaylı virtual maşının işlədiyi bulud sistemlərində faydalı ola bilər.
        Kontroller məlumatlardakı xətaları aşkarlayıb düzəltmək üçün 4 KiB kod sözlü LDPC və 16 KiB “CoCo” texnologiyalarından yararlanır. Virtual sistemlər üçün SR-IOV və MPF funksiyaları, qurğunun vəziyyətini izləmək üçün SMART diaqnostikası var. Təhlükəsizlik hissəsinə “Secure Boot”, AES-256 şifrələməsi, “TCG Opal” uyğunluğu və proqram təminatının həqiqiliyinin yoxlanması daxildir. Bu funksiyalar yüksək tutumlu SSD-lərdə sürətin sabit qalması, gecikmənin azalması və məlumatların qorunması üçündür.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...