SpaceX son 6 ayda 260 Starlink peykini qəsdən orbitdən çıxardı
SpaceX ABŞ Federal Rabitə Komissiyasına təqdim etdiyi son hesabatda 2025-ci ilin dekabrından 2026-cı ilin may ayına qədər ümumilikdə 260 Starlink peykini idarə olunan şəkildə orbitdən çıxardığını açıqlayıb. Onlardan 176-sı birinci nəsil, 84-ü isə ikinci nəsil (V2 Mini) Starlink peykləridir. Şirkətin bildirdiyinə görə, bu göstərici qeyri-adi hesab edilmir. SpaceX daha əvvəl də oxşar addımlar atıb. Məsələn, 2024-cü ildə müəyyən edilmiş texniki problem səbəbindən 406, 2024-cü ilin dekabrı ilə 2025-ci ilin mayı arasında isə təxminən 500 Starlink peyki orbitdən çıxarılmışdı.
SpaceX köhnə və ya istismar müddəti başa çatan peyklərin nəzarətsiz şəkildə Yerə düşməsinin qarşısını almaq üçün onları qəsdən atmosferə yönləndirir. Peyklər əsasən okeanlar üzərində atmosferə daxil olur və yüksək temperaturun təsiri ilə demək olar ki, tamamilə yanaraq məhv olur. Şirkət bəzi hissələrin tam yanmaya biləcəyini etiraf etsə də, onların peykin ümumi kütləsinin təxminən 5 %-ni təşkil etdiyini və kiçik hissəciklər şəklində okeana düşdüyünü bildirir.
Hazırda orbitdə 9 500-dən çox aktiv Starlink peyki fəaliyyət göstərir. SpaceX peyklərin ömrü başa çatdıqdan sonra onları nəzarətli şəkildə orbitdən çıxarmağın həm kosmik tullantıları, həm də digər peyklərlə toqquşma riskini azaltdığını vurğulayır. Şirkət eyni zamanda 2026-cı il ərzində hazırda təxminən 550 kilometr yüksəklikdə işləyən Starlink peyklərini 480 kilometr hündürlüyə endirməyə başlayıb. Bu dəyişiklik mümkün toqquşma riskini azaltmaqla yanaşı, gələcəkdə peyklərin daha sürətli və təhlükəsiz şəkildə orbitdən çıxarılmasına imkan verəcək.
Paylaş