WiCi lokal AI üçün simsiz xarici qrafik qurğusu təqdim etdi
“WiCi” lokal süni intellekt modellərini işlətmək üçün “WiCi One” adlı simsiz xarici qrafik qurğusunu göstərib. Cihaz əsasən böyük dil modellərini birbaşa kompüterdə işlətmək üçündür. Məlumat Wi-Fi 7 bağlantısı ilə ötürülür və eyni qrafik kartını bir neçə cihaz bölüşə bilir. Baza versiyada 16 GB video yaddaşlı “RTX 5060 Ti” quraşdırılıb.
Kompüterə quraşdırılan xüsusi drayver “WiCi One” qurğusunu əməliyyat sisteminə adi qrafik kartı kimi göstərir. Ancaq simsiz bağlantıda gecikmə PCIe 5.0-dan xeyli çoxdur. Buna görə standart məlumat mübadiləsi saniyələrlə, böyük hesablamalar daha uzun çəkə bilər. “WiCi” gecikməni azaltmaq üçün məlumatı müvəqqəti yadda saxlayır, təkrar məlumatları silir və faylları sıxır. Drayver şəbəkə üzərindən yalnız vacib sorğuları göndərir, qalanlarını kompüterin özündə emal edir.
“WiCi One” korpusunda ayrıca 4 TB-lıq PCIe 5.0 SSD yaddaş da var. Süni intellekt modelinin parametrləri burada saxlanır. Bu, daha böyük modelləri işlətməyə kömək edir. Xüsusilə ekspert qarışığı kimi tanınan MoE quruluşlu modellər ehtiyac yarandıqda SSD-ni əlavə yaddaş kimi işlədə bilər. Python kitabxanaları və standart HTTP API ilə bir neçə cihaz xüsusi quraşdırma aparmadan eyni qurğuya qoşula biləcək.
Şirkətin məlumatına görə, “WiCi One” ilə oyunlarda dəyişiklik etmədən oynamaq da olar. Lakin gözlənilən performans açıqlanmayıb. Sənədlərdə yalnız Vulkan və Direct3D dəstəyi göstərilib, bəzi API funksiyaları başlanğıcda hazır olmaya bilər. Simsiz bağlantıdakı gecikməyə görə qurğunun 60 FPS tələb edən oyunlarda ənənəvi xarici qrafik qurğuları ilə eyni nəticəni verib-verməyəcəyi hələ aydın deyil. “RTX 5060 Ti” versiyasının ilkin nümayişi 2026-cı ilin son rübünə planlaşdırılıb, satış tarixi isə bəlli deyil. Bundan başqa, 32 GB video yaddaşlı “RTX 5090” variantı da hazırlanacaq.
“WiCi One” üçün erkən qeydiyyat qiyməti 1999 dollar (təxminən 3400 manat), adi qiymət 2599 dollardır (təxminən 4420 manat). Müqayisə üçün “RTX 5060 Ti” ən azı 800 dollara (təxminən 1360 manat) satılır. 4 TB-lıq PCIe 5.0 SSD-nin qiyməti 850 dollardır (təxminən 1450 manat). Enerji bloku, korpus və digər hissələr də əlavə olunanda ümumi məbləğ 1850 dollara (təxminən 3150 manat) çatır. “RTX 5090” kartları 7000 dollardan (təxminən 11900 manat) baha olduğuna görə həmin variantın qiyməti açıqlanmayıb.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...