Logo
    Xiaomi yeni ağıllı saat, fitnes qolbağı və açıq qulaqlıq təqdim etdi

    Xiaomi yeni ağıllı saat, fitnes qolbağı və açıq qulaqlıq təqdim etdi

    Cihazlar+
    18.11.2026
        “Xiaomi” “Xiaomi 18” seriyasının qlobal təqdimatı zamanı “Xiaomi Watch S5 41mm”, “Xiaomi Smart Band 11 NFC” və “Xiaomi Clip” modellərini də dünya bazarına çıxarıb. Saat və qolbaq yenilənmiş interfeysli “HyperOS 4” sistemi ilə işləyir. Saatın qiyməti 229,90 avrodan (təxminən 430 manat), standart qolbağın qiyməti 59,90 avrodan (təxminən 110 manat) başlayır. NFC versiyası 80 avrodan (təxminən 150 manat) satılır. Məhsullar ABŞ bazarında rəsmi satılmayacaq. Ödəniş funksiyaları regiondan asılı olaraq dəyişəcək.
    Xiaomi yeni ağıllı saat, fitnes qolbağı və açıq qulaqlıq təqdim etdi
        “Xiaomi Watch S5 41mm” paslanmayan polad gövdədə hazırlanıb. Qalınlığı 9,9 mm, çəkisi 36 qramdır. Saatın 1,32 düymlük AMOLED ekranının təsvir ölçüsü 466 x 466 pikseldir. Parlaqlıq 3000 nitə çatdığı üçün ekran günəş altında da rahat oxunur. Ekranı “Dragon Crystal Glass 3.0” şüşəsi qoruyur. Qara və açıq mavi modellərlə yanaşı, keramika çərçivəli ağ versiya da var. Saatdakı 590 mAh tutumlu batareya aktiv ekran rejimində 5 gün işləyir. Adi rejimdə bu müddət 8 günə, enerjiyə qənaət rejimində 14 günə çatır.
        Saatda ürək ritmini ölçən optik sensor və menstrual dövrü izləmək üçün 3 temperatur sensoru var. İstifadəçilər “Clue Plus” xidmətini 3 ay pulsuz sınaqdan keçirə biləcəklər. Sağlamlıq xülasəsi 50-dən çox göstəricini təhlil edir, yenilənmiş alqoritm də yuxunun daha dəqiq izlənməsinə kömək edir. Cihazda 150-dən çox idman rejimi və peyklərə 2 tezlikdə qoşulan naviqasiya sistemi var. Bağlantı üçün “Bluetooth 5.4” işlədilir. Saat 5 ATM suya davamlıdır. NFC ilə ödənişi “Xiaomi Pay” və “Google Wallet” üzərindən etmək olur. “Google Wallet” ilk dəfə “Watch S” modelinə əlavə edilib.
        “Xiaomi Clip” qulaq kanalını bağlamır, buna görə istifadəçi ətrafdakı səsləri də eşidə bilir. Hər qulaqlığın çəkisi 5,5 qramdır, daxilində 11 mm-lik dinamik var. Modeldə 3 mikrofon, sümük keçiricili mikrofon və süni intellekt əsaslı səsboğma sistemi işləyir. Bunlar səs-küylü mühitdə danışığın daha aydın eşidilməsi üçündür. Qulaqlıqlar bir dolumla 9 saat, enerji qutusu ilə ümumilikdə 38 saat işləyir. IP57 qoruması onları yağışa və tərə qarşı dözümlü edir. “Apple Find My” funksiyasını dəstəkləyən model 150 avroya (təxminən 280 manat) satılır.
        “Xiaomi Smart Band 11” modelinin 1,72 düymlük AMOLED ekranı 60 Hz yenilənmə tezliyində işləyir. Təsvir ölçüsü 212 x 520 piksel, parlaqlığı 2000 nitdir. Qolbağın 9,99 mm qalınlığındakı gövdəsi əvvəlki modeldən 9% daha nazikdir. Standart versiya 233 mAh batareya ilə 21 günədək işləyə bilir. NFC modelində yüngül istifadə zamanı bu müddət 18 gündür. Model rəngli flüorrezin qayışlarla, mirvari ağ keramika gövdədə və yeni tam metal “Unibody” versiyasında satılır. Standart və NFC modelləri oktyabrın sonunda Avropada göstərilmişdi. Metal versiya seriyaya daha sonra qoşulub.
        Qolbaq gün ərzində ürək ritmini, qandakı oksigen səviyyəsini, stressi və yuxunu izləyir. Yeni alqoritm yuxu mərhələlərini 11%, yuxu zamanı ürək ritmi dəyişkənliyini 14% daha dəqiq ölçür. Cihazda 150-dən çox idman rejimi var. 5 ATM suya davamlılıq sayəsində üzgüçülük zamanı da nəbzi ölçür. Qolbağı eyni vaxtda uyğun “Xiaomi” smartfonuna və “iPhone”a qoşmaq, hər 2 cihazdan bildiriş almaq olur. Həmçinin “iPhone” kamerasını uzaqdan idarə etmək və elektron kitabın növbəti səhifəsinə keçmək olar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...